Bir ildən çox idi ki, pandemiya səbəbindən toylara icazə verilmirdi. Hər kəs toyların keçiriləcəyi günü səbrsizliklə gözləyərkən, nəhayət Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verdi. Qərara əsasən, 2021-ci il iyulun 1-dən müəyyən şərtlər nəzərə alınmaqla şənlik mərasimləri (toy, nişan, ad günləri və s.) keçirilə bilər.
Qeyd etdiyimiz kimi, şadlıq evlərində toylar keçirilərkən müəyyən qaydalar nəzərə alınmalıdır. Belə ki, 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər"də müəyyən olunmuş tələblərə uyğun olaraq təşkil edilməsinə icazə verilir. Bu tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə vacibdir. Lakin həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb edilmir.
- 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində isə yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduğu halda icazə verilir.
Qeyd edildiyi kimi, toy məclisləri keçirilərkən məclisdə iştirak edənlərin COVİD pasportu olması vacibdir?
Bəzi şadlıq evləri qeyd etdiyimiz tələbi qazanc yeri kimi görür. Belə ki, şadlıq evləri toy sahibindən yer pulundan əlavə adambaşı 10 manat artıq istəyir. Şadlıq evləri bildirir ki, toy sahibi məclisə gələn hər şəxs üçün əlavə 10 manat ödəyərsə o zaman qonaqların COVİD və ya immun pasportunun olub-olmaması yoxlanılmayacaq. Beləliklə, şadlıq evləri qaydaları pozmaqla yanaşı, yeni qazanc yolu da tapıb.
“Pandemiya qaydalarına görə, artıq toylarda müəyyən olunmuş sayda və xüsusi şərtlərlə qonaqlar iştirak edə bilər”
Sosial sahə üzrə ekspert Mayis Əliyev bildirdi ki, pandemiya qaydalarına görə, artıq toylarda müəyyən olunmuş sayda və xüsusi şərtlərlə qonaqlar iştirak edə bilər: “Xüsusi şərt dedikdə, COVİD və ya immun pasportu, tibbi maska nəzərdə tutulur. Qoyulan bu qaydalar, təbii ki, insanların sağlamlığını qorumaq üçün tətbiq edilir. Lakin bəzi şadlıq evləri bu qaydalara riayət etmək istəmir. Onlar daha artıq qazanc əldə etmək istəyirlər. Ancaq onların bu istəyi əhalinin sağlığına təsir edə bilər. Bu səbəbdən də aidiyyəti qurumlar şadlıq evləri ilə bağlı məsələyə daha həssas yanaşmalıdır.
Bəzi şadlıq evləri daha artıq qazanc əldə etmək üçün toy sahibindən əlavə pul istəyir. Bunu da yoxlanışın olmaması ilə əlaqələndirir. Toy sahibləri bu məsələdə aktiv olmalıdır və bu cür faktlarla rastlaşarsa, dərhal aidiyyəti qurumlara müraciət etməlidir”.
Günel CƏLİLOVA