Prezident İlham Əliyev 2011-ci ildə Bakıda görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Məlumat üçün bildirək ki, heykəlin müəllifi xalq rəssamı Arif Qazıyevdir. Abidə Babəkin adını daşıyan prospektdə ucaldılacaq. Heykəl üzü şəhərə tərəf dayanacaq və ayağının altında budaq formasında postament olacaq. Postamentin hündürlüyü 8, heykəlin hündürlüyü isə 10 metr olmalıdır.
Heykəlin yarımçıq qalma səbəbi zaman-zaman gündəmə gətirilsə də, məsələ öz həllini tapmaq bilmir. Məlumat üçün bildirək ki, heykəl ötən ilin mart ayında hazır olmalı idi, amma bu proses hələ də uzanır.
Bakı şəhər İcra Hakimiyyəti: “Heykəlin postamenti qoyulsa da, hələ də ucaldılmamasının səbəbi bir neçə təklifin hazırlanmasıdır”
Babəkin heykəlinin hazır olmaması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətindən bildirildi ki, heykəlin postamenti qoyulsa da, hələ də ucaldılmamasının səbəbi bir neçə təklifin hazırlanmasıdır: “Babəkin heykəli ilə bağlı Nizami rayon İcra Hakimiyyəti və SOCAR təşəbbüslə çıxış edib. Hazırda təklifləri hazırlayırlar. Heykəlin hazırlanması üçün Komissiya yaradılır. Bakıda qoyulan heykəl memarlıq baxımından bir əsər kimi qəbul olunmalıdır. Layihə yaxın zamanda ictimaiyyətə təqdim olunacaq”.
Məhərrəm Zülfüqarlı: “Heykəlin bugünə qədər hazır olmamasına məsul şəxslər cəzalandırılmalıdır”
AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkəmizdə mədəniyyət sahəsində verilən bəzi qərarların icrası yubanır: “Bunun da səbəbi aidiyyəti qurumlarla bağlıdır.
Babəklə bağlı onu deyə bilərəm ki, bu şəxs Azərbaycanın qəhrəman oğludur. Azərbaycan torpaqlarını işğalçılardan azad etmək uğrunda, feodal zülmünə qarşı mübarizəyə rəhbərlik etmiş böyük şəxsiyyətdir. Onu da qeyd edim ki, son zamanlar bəzi şəxslər tarixi şəxslər haqqında xoşagəlməz fikirlər səsləndirir. Həmin şəxslər Babəkə qarşı da səmərəsiz məlumatlar yayır. Bu kimi qarayaxmalar heykəlin hazır olmasına da mənfi təsir edir”.
M.Zülfüqarlı hesab edir ki, Azərbaycan xalqı ilk öncə öz tarixini yaxşı öyrənməlidir: “Aidiyyəti qurumlar tarixi şəxsiyyətlərlə bağlı Prezidentin sərəncamını diqqətdə saxlamalıdır. Babəkin heykəlinin hazır olması haqqında ölkə başçısı 10 ilə yaxındır ki, sərəncam imzalayıb. Heykəlin bugünə qədər hazır olmamasına məsul şəxslər cəzalandırılmalıdır”.
Günel CƏLİLOVA