Azərbaycanda özəl məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb. Belə ki, 2019-cu ildə 156 olan özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 2020-ci ildə 133-ə düşüb.
Qeyd edək ki, Azərbaycanda son illərdə özəl məktəbəqədər təhsil müəssisələrinin sayında davamlı artım qeydə alınırdı. Belə ki, 2008-ci ildə 5 olan özəl müəssisə sayı 2011-ci ildə 37-yə, 2015-ci ildə 66-ya, 2017-ci ildə 105-ə, 2018-ci ildə 124-ə yüksəlmişdi.
Ekspertlərin bildirdiyinə görə, özəl məbtəbəqədər təhsil müəssisələrinin sayının azalması uşaqların sayının azalması ilə bağlıdır.
“Son illər dünyaya gələn uşaqların sayının azalması təhsil müəssisələrinin fəaliyyətinə də təsir göstərir”
Məsələ ilə bağlı fikir bildirən təhsil eksperti Elçin Əfəndi “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, iki ilə yaxındır ölkədə pandemiya şəraiti hökm sürür. Bu vəziyyətin yaratdığı fəsadlardan biri də bəzi sahələrin bağlanması, hətta uzun müddət işləməməsi ilə nəticələndi: “Məlumat üçün bildirim ki, 2018-1019-cu ilə qədər ölkədə 150-dən artıq özəl uşaq bağçası var idi. Təəssüf ki, 2020-ci ildən etibarən özəl uşaq bağçalarının sayı azalmağa başladı. Məktəbəqədər təhsil müəssisələrinin sayının azalmasında pandemiyanın xüsusi rolu var. Həmçinin, uşaq sayı da bağçaların sayına təsir edir. Belə ki, son illər dünyaya gələn uşaqların sayında azalma müşahidə edilir. Son 3 ildir ki, ölkədə doğum halları azalıb. Uşaq sayının azalması isə təhsil müəssisələrinin fəaliyyətinə də təsir göstərir”.
Həmsöhbətimiz hesab edir ki, məktəbəqədər təhsil müəssisələrinin sayının azalması ilə bağlı sahibkarlığa dəstək üçün müəyyən addımlar atılmalıdır: “Özəl təhsil müəssisələrinə diqqət ayrılmalıdır. Həmçinin, dövlət təhsil müəssisələrində də müvafiq olaraq şagirdlərin təhsilə cəlb olunmaları üçün müəyyən işlər görülməlidir.
Ölkədə təbii artımın inkişafına nail olmaq lazımdır. Ailələrdə uşaqların sayının artması üçün müəyyən sosial layihələr həyata keçirilə bilər”.
Günel CƏLİLOVA