Şəkidə 16 yaşlı qızı ərə verən valideynlər polisə çağırılıb. Bu barədə Daxili İşlər Nazirliyinin DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib. O deyib ki, yayılan görüntülər əsasında Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb.
Qeyd edək ki, sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 16 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb. Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb. Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb. Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Xatırladaq ki, iyunun 7-də buna bənzər hadisə cənub bölgəsində qeydə alınıb. Lənkəran şəhərində istirahət mərkəzlərinin birində 5 may 2021-ci il tarixində azyaşlı qız üçün nişan mərasimi təşkil edilməsi və nişanlanan qızın Masallı rayon Bədəlan kənd sakini, Bədəlan kənd tam orta məktəbinin 8-ci sinif şagirdi olması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı. Xoşagəlməz hadisənin qarşısı alınmışdı.
Bu ilin fevralında Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin Poniçala (Soğanlıq) kəndində 11 yaşlı azərbaycanlı qızın 15 yaşlı oğlana nişanlanması ilə bağlı sosial şəbəkələrdə video yayılmışdı. Videonun yayılmasından bir müddət sonra cinayət işi açılmışdı.
Ağcabədi rayonunda da 15 yaşlı qızın ana olması rezonansa səbəb olmuşdu.