Bakı şəhər sakini Pərvanə Vəlizadə “Təmiz şəhər”dən narazılıq edir. P.Vəlizadə bildirir ki, adıçəkilən qurumda işləmiş həyat yoldaşı Şahin Vəlizadə ötən ilin oktyabrında vəzifəsinə aid olmayan işi icra etməsi tələb olunduğu üçün üzərinə dəmir darvaza düşərək həlak olub.
Baş vermis hadisə ilə əlaqədar P.Vəlizadəyə “Qala Sığorta” şirkəti tərəfindən 70-100 min manat arası təzminat veriləcəyi bildirilsə də, lakin buna əməl olunmayıb.
Şikayətçi qeyd edir ki, şirkət cəmi 54 min 600 manat pul köçürüb: “Qalan məbləğin ödənilməsi üçün məhkəməyə müraciət etdik. Lakin “Təmiz şəhər”in rəhbərliyi, şikayəti geri götürməsək, qalan məbləğin də əlimizdən alınacağını dedi”.
“Təmiz Şəhər” ASC: “Təmiz Şəhər” mərhumun ailəsinə qanunvericiliklə nəzərdə tutulan birdəfəlik müavinət ödəyib”
Məsələ ilə bağlı “Təmiz Şəhər” ASC-dən bildirildi ki, hadisənin baş verməsinə səbəb mərhumun ehtiyatsızlığı olub: “Təhqiqat komissiyasına təqdim edilən sənədlərdən, alınan izahatlardan, aparılan sorğulardan və hadisə yerinə baxışdan sonra müəyyən olunub ki, Şahin Vəlizadə xidmət apardığı ərazidən avtomobillərin çıxması üçün darvazanı bağladığı zaman stopor tab gətirməyərək qırılıb və darvaza yerindən çıxaraq onun üzərinə düşüb. Nəticədə o vəfat edib.
Təhqiqat komissiyasının aktına əsasən, hadisəyə səbəb Şahin Vəlizadənin ehtiyatsızlığı olub. Mərhumun ölümü ilə nəticələnən bədbəxt hadisə istehsalat xarakterli olaraq qiymətləndirilib. Sabunçu Rayon Prokurorluğunun iş üzrə qərarına əsasən, Şahin Vəlizadənin vəfatının səbəbi səhlənkarlıq olaraq qiymətləndirilib. Onu da bildirək ki, “Təmiz Şəhər” mərhumun ailəsinə qanunvericiliklə nəzərdə tutulan birdəfəlik müavinət ödəyib”.
“Qala Sığorta”: “Bu barədə danışmaq istəmirik”
“Qala Sığorta” şirkətindən isə bu barədə danışmaq istəmədiklərini bildirdilər.
Kamran Məmmədli: “Müştərilərin zərərin məbləği ilə bağlı narazılıqları əsaslı da olur, əsassız da…”
İqtisadçı ekspert Kamran Məmmədli qeyd etdi ki, sığorta şirkətləri ilə müştərilər arasında yaranan mübahisəli halların çoxu zərərin məbləği ilə bağlıdır. Müştərilərin zərərin məbləği ilə bağlı narazılıqları əsaslı da olur, əsassız da: “Bəzən elə hal olur ki, şəxs baş vermiş hadisədən istifadə edərək, əlavə qazanc əldə etmək istəyir. Sığorta şirkəti zərəri tam şəkildə qiymətləndirməlidir. Bu hal eynilə həyat sığortasına da şamil edilməlidir. Iş yeri işçisinin həyatını sığortalayıbsa, vəfat edən və ya zərər çəkən şəxsə qanunla müəyyən olunmuş formada təzminat ödənilməlidir”.
Günel CƏLİLOVA