Bakı şəhərində, eləcə də bölgələrdə çalışan bəzi müəllimlər məzuniyyət pullarının kəsildiyini bildirir. Bu barədə onlar sosial şəbəkələrdə narazılıq edir.
Müəllimlər məzuniyyət pulları ilə yanaşı, maaşlarının gecikməsindən də narazılıq edir.
“İş günləri hesab edilən günlərin sayının az olması məzuniyyət pullarına təsir göstərir ki, bütün hallarda bu haqsızlıqdır”
Maraqlıdır, müəllimlərin məzuniyyət pulları niyə kəsilib? Məsələ ilə bağlı fikir bildirən təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin tədris ili başa çatdıqdan sonra 56 gün məzuniyyət hüquqları var: “Bu məzuniyyət onların bir il ərzində aldıqları əməkhaqqına uyğun olaraq hesablanır. Məlumat üçün bildirim ki, 4447 orta ümumtəhsil məktəbində 150 min müəllim var və onlar artıq iyulun 1-dən məzuniyyətə çıxıblar. Məzuniyyət müddətləri isə məktəblərdə çalışan hər bir heyət üçün fərqlidir. Son günlər sosial şəbəkələrdə yay məzuniyyət pullarının verilməsi ilə bağlı ciddi problem və narahatlıqlar var. Məlumdur ki, məzuniyyətlər hesablanan zaman iş günlərinin sayı nəzərə alınır. İyunun 15-dən sonra qeyri-iş günləri bura şamil edilməyib. Orta ümumtəhsil müəssisələrində çalışan müəllimlərin yay məzuniyyət ödənişlərinin məbləğinin aşağı olmasına iş günlərindəki azlıq təsir göstərir. Çünki müəllimlərin əmək haqları, eyni zamanda, iş günlərinin sayı ilə hesablanır. Az əməkhaqqı hesablanan daha çox saathesabı əməkhaqqı alan müəllimlərdədir. Digər müəllimlərin pullarında da azalmalar var. Bunun əsas səbəbi isə iyunun 15-dən sonrakı qeyri-iş günlərinin sayıdır. Bu və ya digər bayramlar, əlamətdar günlər, hüzn günləri ilə bağlı olaraq iş günləri qeyri-iş günlərini əvəz edir. İş günləri hesab edilən günlərin sayının az olması məzuniyyət pullarına təsir göstərir ki, bütün hallarda bu haqsızlıqdır. Hesab edirəm ki, müəllimlərə tədris ilində itirdikləri enerjilərini bərpa etmək üçün yay mövsümündə, heç olmasa, kifayət qədər imkan yaratmalıyıq. Bu ciddi bir məsələdir. Bu səbəbdən də yay aylarında, yaxşı olar ki, müəllimlərin əməkhaqqı təkcə onların bir tədris ilində aldıqları maaşa uyğun olaraq hesablanmasın. Digər əlavə güzəşt məbləğləri də müəyyən edilməlidir ki, yay mövsümündə onlar həm istirahət edə bilsinlər, həm də bu onlara motivasiya olsun. Ümumiyyətlə, müəllimlərin əmək haqları məsələsinə yenidən baxmaq lazımdır”.
Günel CƏLİLOVA