Dünyanın bir çox ölkələrində, xüsusi ilə də Qərbdə geniş təbliğat edilən homoseksualizmin təəssüf ki, ölkəmizdə yayılmasına şərait yaradanlar var.
Belə ki, paytaxtın bir çox oyuncaq dükanlarında və ya sosial şəbəkələr vasitəsilə onlayn satışla eyni ilə LGBT (lezbiyan, gey, biseksual və transgender) bayrağının rənglərinin əks olunduğu oyuncaqların satışı sürətlə artmaqdadır. “Popit” adlandırılan oyuncaq növlərində isə rəng seçimi sanki məqsədli şəkildə seçilib.
Maraqlıdır, Bakıdakı oyuncaq dükanlarında bu tip oyuncaqların satılması nə dərəcədə düzgündür? Və bu oyuncaqlar uşaq psixologiyasına necə təsir edir?
“Bu cür rəngli oyuncaqların uşaqların tərbiyəsində, formalaşmasında cinsi orientasiya ilə bağlı fikirlərinin dəyişdirilməsində xüsusi rolu var”
Psixoloq Könül İsmayılova bildirdi ki, üzərində hansısa təşkilatın bayrağı olan geyimin, oyuncağın satılması düzgün deyil: “Bu cür oyuncaq uşaq psixologiyasına, onun mənəviyyatına mənfi təsir edəcək. O oyuncaqdan istifadə edən uşaq onun üzərində olan rənglərin, görünüşün nə anlama gəldiyini bilməyəcək. Ancaq oyuncağın üzərində olan rənglər harmoniyasının nə demək olduğunu bilən şəxs bu haqda uşağa məlumat verəndə o zaman uşağın psixologiyası pozulacaq”.
Həmsöhbətimiz hesab edir ki, geyimləri, oyuncaqları ölkəyə gətirən sahibkarlar diqqətli olmalıdırlar: “Nəzərə almaq lazımdır ki, köynəklərin, oyuncaqların, çantaların üzərində olan hər hansı bir işarə insanların şüurunda özünə yer edir, adiləşir, doğmalaşır. Bu cür rəngli oyuncaqlar uşaqların tərbiyəsində, formalaşmasında cinsi orientasiya ilə bağlı fikirlərinin dəyişdirilməsində xüsusi rolu var.
Zənnimcə, bir qrup insanlar bu rəmzlərin ölkəmizdə yayılmasında maraqlıdır. Bu səbəbdən də bu məsələyə sadə yanaşılmamalıdır. Bu məsələdə diqqətli olmaq lazımdır”.
Günel CƏLİLOVA