Azərbaycan alimləri də vaksin sahəsində dünyaya töhfə vermək niyyətindədirlər və artıq ölkəmizdə sınaqdan keçəcəyi günü gözləyən peyvənd də hazırlanıb.
ÜST-dən bildirilib ki, azərbaycanlı alimin hazırladığı peyvənd klinik sınaqlardan keçərsə, istehsalı mümkün ola bilər.
Bu vaksinlərdən biri də AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən tütündən hazırlanan peyvənddir. Bu peyvənd sınaq mərhələsinə girib. Mütəxəssislər deyirlər ki, bu, klinik sınaqlardan keçərsə, gələcəkdə həmin vaksinin istehsalı mümkün ola bilər.
Heç şübhəsiz ki, Azərbaycan alimlərinin hazırladıqları peyvənd sınaqdan keçərsə, gələcəkdə Azərbaycan da vaksin istehsalçısına çevrilə bilər.
“...dünya səhiyyəsinə, insanların sağlamlığına töhfəsi istiqamətində gördüyü iş təqdirəlayiqdir”
Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, elm üzrə ekspert İlqar Orucov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan aliminin bu uğuru ölkəmizə də xeyli dividend gətirir. “Azərbaycan aliminin dünya səhiyyəsinə, insanların sağlamlığına töhfəsi istiqamətində gördüyü iş təqdirəlayiqdir. Hesab edirəm ki, azərbaycanlı alimin hazırladığı peyvənd sınaqdan uğurla çıxacaq və Azərbaycan vaksin istehsalı sahəsində də bir dövlət olaraq öz sözünü deyə biləcək. Burada çox vacib məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan aliminin təqdim etdiyi peyvənd müsbət qəbul ediləcəksə, bu, eyni zamanda, Azərbaycan xalqının intellektual səviyyəsinin beynəlxalq aləmə çıxarılması baxımından çox vacib addım olar. Bilirsiniz ki, vaksin istehsalı ilə bağlı dünyanın müxtəlif ölkələrində mühüm işlər gedir. Pandemiya zamanı insan sağlamlığının nə qədər dəyər olduğu və bu işdə elmin məhz səhiyyənin yanında olması, yeni baxışların, yeni düşüncənin, yeni səhiyyə dünyagörüşünün ortaya qoyulması məsələsi daha çox gündəmə gəlib. Hər dəfə qeyd edirdik ki, bizim elmimizə rəhbərlik edənlər, elmimizin başında duranlar, bütövlükdə, Azərbaycan elminin məbədi olan Milli Elmlər Akademiyası daha ciddi işlərlə məşğul olmalıdır, sırf elmlə, elmi tədqiqatlarla məşğul olmalıdır, alimlərimizin elmi tədqiqatlarının tanıdılması istiqamətində iş görməlidir, alimlər üçün mühit formalaşdırmalıdır ki, alimlər tədqiqatlar apara və öz işləri ilə məşğul olub konkret nəticələr ortaya qoya bilsinlər. Məsələ bundan ibarətdir ki, bizim illərdir etdiyimiz tənqidlər də bundan irəli gəlirdi. Azərbaycan elə bir ölkələrdəndir ki, bu xalqın potensialından çox sahədə istifadə edib öncüllüyü, qabaqcıllığı, birinciliyi ortaya qoya bilər. Çox sevinirəm ki, alimimizin vaksin yaratması faktı ortadadır, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi qrup artıq bu vaksini hazırlayıb. Ümid edirəm ki, T.Məmmədovun və onun rəhbərlik etdiyi qrupun hazırladığı vaksinin tətbiqi ilə bağlı ÜST müsbət qərar qəbul edəcək. Bundan sonra Azərbaycan vaksin istehsalı ilə də bağlı öz imkanlarını, potensialını reallaşdıra biləcək”.
İ.Orucovun fikrincə, burada Azərbaycan və Türkiyənin qarşılıqlı əməkdaşlığı çox faydalı ola bilər. İ.Orucovun sözlərinə görə, Türkiyənin əczaçılıq sahəsində çox ciddi nailiyyətləri var. “Bu kimi elmi məhsulların istehsalata buraxılması ona gətirib çıxaracaq ki, Azərbaycan elmlə də pul qazanacaq, Azərbaycan alimi beyninin məhsulundan gəlir əldə edəcək. Eyni zamanda, bəşəriyyətin pandemiyadan qurtuluşuna, insanların sağlamlığına öz töhfəsini vermiş olacaq. Bu istiqamətdə alimlərimiz mütəmadi işləməlidirlər, bu kimi məsələlərlə bağlı akademiyanın elmi müəssisə və təşkilatlarının konkret hədəfləri, planları, yaxşı və daha uzaq perspektivə hesablanmış işləri olmalıdır” - deyə İ.Orucov bildirdi.
İradə SARIYEVA