Son zamanlar Azərbaycanda narkotikin, xüsusilə “patı” adı ilə tanınan metamfetaminin geniş yayılması, əvvəlki illə müqayisədə ucuz olması və bu bəlaya düçar olan gənclərin sayının sürətlə artması sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olur.
Araşdırmalara görə, patıdan istifadə edənlər arasında qadınlar da var. Qadınlar əsasən adıçəkilən metamfetamini arıqlamaq üçün istifadə edirlər. Bunun tam tərkibinin nədən ibarət olması haqqında məlumatsız olduqları üçün patidən istifadə edirlər. Nəticədə patıdan istifadə edənlər arasında asılılıq yaranır və vəziyyət kafiyə doğru dəyişir.
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov “Sputnik Azərbaycan”a açıqlamasında bildirib ki, patı istifadə edənlər əsasən 25-35 yaşarası gənclərdir. Ən təhlükəlisi isə bu psixostimuliyatoru istifadə edənlərin arasında qadınların sayının günü-gündən artmasıdır: “Qadınlar patıdan daha çox arıqlamaq üçün istifadə edir, onun aludəçisinə çevrilirlər. Qadınlara çox vaxt metamfetamini arıqlamaq adı ilə təklif edirlər. Metamfetamin insanı kəskin arıqladır, enerji parçalanmasını, metabolizmi sürətləndirir. Ona görə də bunu istifadə edənlər tez arıqlayırlar. Sonra isə onun fiziki asılılığından çıxa bilmirlər”.
Dietoloq Aydan Əliyeva bildirdi ki, məşhur insanlar, modellər, “Instagram”da çoxlu izləyicisi olan blogerlər zamanla müxtəlif dərmanlar, çaylar, arıqladıcı tabletləri nəinki aptekdən, hətta müxtəlif yollarla qara bazardan alıb, qəbul edərək, qısa müddərə arıqlayırlar: “Bu ənənə indi də davam edir və belə preparatların sonrakı fəsadları olduqca dəhşətlidir. Son zamanlar arıqlamaq üçün bəziləri daha da irəli gedərək, qadağan edilmiş narkotik tərkibli vasitələri sınayırlar. Bu dərmanların arıqladıcı təsiri barədə hardansa informasiya əldə edən gənc qızlar ilk başda güclü çəki itirsələr də, sonradan dəhşətli vəziyyətə düşürlər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, ölkəmizdə əhalinin 60 faizi piylənmədən əziyyət çəkir: “Hətta mən təəssüf hissi ilə deyərdim ki, bu 60 faizin 30 faizini uşaqlar təşkil edir. Xanımların bir çoxu arıqlamaq üçün müxtəlif yollara əl atır. Bunun üçün akopunktora kimi müxtəlif vasitələrdən istifadə edirlər ki, bunlar çox yanlışdır. Arıqladıcı dərmanların içində narkotik tipli maddələr var. Bu vasitələri qəbul edən şəxslər qısa müddətdə arıqlayırlar. Ancaq sonra isə həmin arıqladıcı narkotik tərkibli dərmanlar insanlarda asılılıq yaradır. Bu vasitələr insanı özündən asılı vəziyyətə salır və müəyyən müddət sonra o dərmanların tərgidilməsi daha çox kökəlməyə səbəb olur. Bundan əlavə, maddələr mübadiləsi zəifləyir, xərçəngə meylli hüceyrələr aktivləşir, immunitet kəskin dərəcədə zəifləyir, insanda qanazlığı yaranır və gendə hər hansı bir xəstəlik varsa, onun üzə çıxmasına səbəb olur”.
Günel CƏLİLOVA