“Məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərə pedaqoji iş təcrübəsi yazılmır”. Bu iddia ilə uşaq bağçasında çalışan bir qrup müəllim sosial şəbəkələrdə şikayətlənib. Məktəbəqədər təhsil müəssisələrində çalışanlar pedaqoji stajın yazılmamasından narazılıq edirlər.
Məlumat üçün bildirək ki, hazırda ölkədə 1670 uşaq bağşası və körpələr evi var. Onların 720-si kənddə, 940-dan çoxu şəhərlərdə yerləşir.
Maraqlıdır, məktəbəqədər təhsil müəssisələrində çalışan müəllim heyətinə nə səbəbdən iş təcrübəsi yazılmır?
“Uşaq bağçaları və körpələr evi icra hakimiyyətlərinin balansından çıxarılaraq Təhsil Nazirliyinin nəzdinə keçərsə...”
Məsələ ilə bağlı fikir bildirən təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, Azərbaycanda uşaq bağçaları və körpələr evi icra hakimiyyətlərinin balansından çıxarılaraq Təhsil Nazirliyinin nəzdinə keçərsə, bu sahədə çalışma təcrübəsinə görə onlara pedaqoji staj verilə bilər: “Məlumat üçün bildirim ki, bu gün uşaq bağçaları və körpələr evində çalışanların böyük əksəriyyəti bu sahə üzrə ixtisaslı kadrlar deyillər. Şagirdlərə yaş həddinə malik zəruri bilikləri verə bilmirlər. Bu səbəbdən də bu gün bağçalarda və ya körpələr evində çalışanların əməyi pedaqoji staj hesab edilmir. Xüsusilə 1670 uşaq bağçasında çalışanların 30 faizi hər hansı bir orta ixtisas və ya ali təhsilə malik deyil. Yəni onlar ümumi orta məktəb bazasına sahibdirlər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, dövlət uşaq bağçalarında ali təhsillilər çalışmırlar: “Baxmayaraq ki, 2016-cı ildə qəbul edilmiş “Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, uşaq bağçalarında və körpələr evində bu sahə üzrə ali təhsillilər çalışmalıdırlar. Azərbaycanda yetərli kadr olmadığı üçün, hələ də qeyri-ixtisaslı və qeyri-profilli şəxslər işləyirlər”.
Günel CƏLİLOVA