Vətən müharibəsində əzəli yurd yerimiz olan Qarabağın azadlığı uğrunda tarixi zəfərin qazanilmasında hünər göstərib şəhidlik zirvəsinə ucalan Masallının qəhrəman övladları rayonda hər an ehtiramla xatırlanır, onların adlarını əbədiləşdirmək üçün layiqli işlər görülür.
Hişkədərə kəndi rayonda həmişə öz vətənpərvər oğulları ilə seçilib. Birinci Qarabağ döyüşlərində, Vətən müharibəsində kənd 8 igid şəhid verib. Kəndin mərkəzində, sakinlərin ən çox gəlib-getdiyi yerdə onların əziz xatirəsinə Şəhidlər xiyabanı kompleksi yaradılıb. Bu nəcib işin təşəbbüsçüləri Hişkədərə məktəbinin ötən əsrin 90-cı il məzunlarıdır.
Yüksək memarlıq üslubu ilə qurulmuş abidənin mərmər lövhəsində 8 şəhidin portreti həkk olunub. Abidənin ətrafında bəzək ağacları, tər çiçəklər əkilib, işıq sistemi qurulub, oturacaqlar qoyulub. İndi Şəhidlər xiyabanı Hişkədərədə böyükdən kiçiyə hamının and yeridir.
Mən xiyabanda olanda kəndin ağsaqqalı Nəriman Qafarovla görüşdüm. Ağsaqqal dedi ki, Vətənin çətin günündə canını ona fəda edən, millətini bütün dünyada qəhrəman xalq kimi tanıdan, şəhidlik zirvəsindən gələcəyə boylanan oğullarla fəxr edirik. Onların şərəfli həyat yolu hər gələn nəslə Vətənə, doğma torpağa alovlu sevgi nümunəsi olacaq.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü