Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı son günlər yenidən artmağa başlayıb. İyulun 7-də koronavirus (COVID-19) infeksiyasına 127 yeni yoluxma (bir gün öncə isə bu say 78 idi) faktı qeydə alınıb.
Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, artıq ölkəmizdə virusa yoluxma artaraq üçrəqəmliyə keçib.
Onu da nəzərə almaq lazımdır ki, mütəxəssislər virusa yoluxma sayının artacağını proqnoz etmişdilər.
Məlumdur ki, iyun ayından başlayaraq ölkəmizdə bir çox sahənin fəaliyyətinə icazə verilib, məhdudiyyətlər aradan qaldırılıb. Karantinin yumşalmasından sonra insanlar hətta maska tələb olunan yerlərdə belə maskadan istifadəyə laqeyd yanaşmağa başlayıblar. Bu kimi amillər virusa yoluxma sayının artmasına təsir edir.
Onu da nəzərə almaq lazımdır ki, qonşu ölkələrdə təhlükəli “Delta” ştammı yayılır. Düzdür, bu virus hələ ölkəmizdə qeydə alınmayıb. Ancaq bu tip virusların yayılmaması üçün insanlar sadə qaydalara riayət etməlidirlər.
“Dünyada virusa yoluxma ilə bağlı statistika azalsa da, bir çox ölkədə yeni ocaqlar yaranır”
Professor, tibbi ekspert Adil Qeybulla bildirdi ki, dünyada virusa yoluxma ilə bağlı statistika azalsa da, bir çox ölkədə yeni ocaqlar yaranır: “Hindistan ştammının belə sürətlə yayılmasına görə koronavirus infeksiyasında IV mərhələ, yaxud yeni pandemiyanın baş verəcəyi ilə bağlı alimlərin proqnozları var. Azərbaycanda epidemioloji vəziyyətə gəlincə, 3 milyondan çox vaksin vurulub, insanların çoxunda immunitet formalaşıb. Ancaq yenə də arxayınlaşmaq olmaz. Yeni ştammın Azərbaycanda yayılacağı təqdirdə özünü necə aparacağı barədə fikir irəli sürmək çətindir. Ona görə də insanlar diqqətli olmalıdırlar”.
Həmsöhbətimiz hesab edir ki, sosial həyatın ayrı-ayrı sahələrində olan yumşalma tədbirlərinə yenidən baxmaq lazımdır: “Situasiyaya uyğun olaraq, karantin qaydaları sərtləşdirilə bilər. Ümumilikdə, qapalı məkanlarda karantin qaydalarının tələblərinə ciddi əməl edilməlidir. “Delta” ştammının özəlliyindən biri də odur ki, uşaqlar arasında da yayılır. Halbuki, COVID-19-un uşaqlar arasında gedişatı əlamətsiz idi. Lakin “Delta” uşaqlarda ciddi xəstəliklər yaradır. Qonşu ölkələrdə yeni ştamm yayıldığından, Azərbaycanda da olması, yaxud olacağı ehtimalı böyükdür. “Delta” ştammının sürətlə yayılması böyük narahatlıq yaradır”.
Günel CƏLİLOVA