Azərbaycana "Delta ştammı"nın gəlməsi qaçılmazdır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, artıq COVID-19-un "Delta ştammı"na yoluxma bir çox ölkədə qeydə alınıb. Bu ştamm daha tez yayılır: "Bu ştamma yoluxma zamanı xəstəliyin daha ağır keçməsi ilə bağlı dəqiq məlumat yoxdur, amma o da ola bilər. Bu gün "Delta ştammı" var, sabah başqa ştammlar meydana çıxa bilər. Vacib olan bunların monitorinq edilməsidir. Həqiqətən daha ağır keçirmi, yoluxuculuğu nə qədərdir- bunları nəzərə almaq lazımdır. Yaxşı olan odur ki, hazırda istifadə etdiyimiz peyvəndlər ağır xəstəlikdən, xəstəxanada yatmaqdan və ölümdən qoruyur. Bundan başqa gigiyenik qaydalar da bütün ştammlara qarşı qoruyucudur".
Harmancının sözlərinə görə, "Delta ştammı"nın fərqli bir simptomunun ortaya çıxdığı görülməyib. O deyib ki, Azərbaycana "Delta ştammı"nın gəlməsi qaçılmazdır: "Azərbaycan beynəlxalq gediş-gəlişin olduğu bir ölkədir. "Delta ştammı"na yoluxma qeydə alınıb-alınmadığını bilmək üçün Azərbaycanda laboratoriya şəraiti var. Amma "Delta ştammı" aşkarlanmasa da, əməl olunacaq qaydalar çox fərqli deyil. Bunun üçün qorunmaq, mütləq peyvənd vurdurmaq lazımdır. Hazırda ÜST-ün siyahısında olan bütün peyvəndlər ağır xəstəlikdən, xəstəxanaya yerləşdirmədən və ölümdən qoruyur".
Qeyd edək ki, bundan öncə Hande Harmancı karantin tədbirlərini sərtləşdirməyə səsləyən çağırış edib.