Paytaxtda fəaliyyət göstərən bəzi supermarketlərdə təhlükəsizlik tədbirləri ilə bağlı qanunsuzluq yaşanır. Əşya qoyulması üçün supermarketlərin girişində yerləşən rəflərdə oğurluq halları ilə bağlı sosial şəbəkələrdə narazılıqlar artıb.
“Facebook” platformasının “Müştərinin səsi” qrupunda ictimailəşən şikayətlərdən biri “AF Business House”la üzbəüz yerləşən “Bolmart” mağazasındandır. Vəfa Məmmədzadə adlı sosial şəbəkə istifadəçisinin bildirdiyinə görə, bacısının bir neçə gün əvvəl “Bolmart” supermarketinin rəfində yerləşdirdiyi əşyası oğurlanıb.
Qeyd edək ki, bu mövzu ilə bağlı son zamanlar səslənən şikayətlər artıb. Maraqlıdır, marketlərdə təhlükəsizlik tədbirləri necə həyata keçirilir? Marketlərdə alıcıların şəxsi əşyaları necə qorunur?
“Özünə hörmət edən market müştərinin itən əşyasına görə kompensasiya ödəməlidir”
Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov bildirdi ki, məlum olayla bağlı ölkədə ciddi problem yaşanır: “Müştərilərə potensial oğru kimi baxılması halları ilə bağlı təşkilatımıza hər ay 4-5 telefon zəngi daxil olur. Vaxtilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayətlər əsasında müraciət etmişdik. Dövlət qurumu bildirmişdi ki, ora mağaza və marketin öz ərazisidir, istehlakçı ilə necə istəyirsə, davrana bilər. İstehlakçı təşkilatı olaraq biz dövlət qurumunun bu fikri ilə ilk gündən razı olmamışıq. İstehlakçılara potensial oğru kimi baxılmağa son qoyulmalıdır. Üstəlik, bu cür məsələlərin hüquqi həlli olmalıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, qeyd olunan hallarla bağlı istehlakçı mütləq hüquq-mühafizə orqanlarına üz tutmalıdır: “Özünə hörmət edən market müştərinin itən əşyasına görə kompensasiya ödəməlidir. Bunun üçün əlbəttə ki, sübutlar və itən əşyanın necə oğurlanması faktı araşdırılmalıdır”.
Günel CƏLİLOVA