Dövlət başçısı İlham Əliyevin 05 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən bu il ölkəmizdə “Nizami Gəncəvi ili” elan olunub. Bu münasibətlə dahi söz ustası, Şərqin misilsiz mədəni sərvətində payı və bəşəriyyətin fikir salnaməsində öz parlaq yolu olan böyük Azərbaycan şairinin 880 illiyi maraqlı tədbirlərlə qarşılanır.
Lənkəran rayonunun mədəniyyət müəssisələrində də Nizamisevərlər tez-tez bir yerə toplaşır, şairi onun yaradıcılığına bənzər üslubda yad edirlər. Bu günlər isə Lənkəran Regional Mədəniyyət İdarəsinin Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş, dahi yazıçı M.Hüseynin “Nizami” pyesinin motivləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiyasına “Hər misram söyləyər: Burada...burdadır!” adı verilmişdi. Kompozisiyanı tamaşaçıların diqqətinə çatdıran Mədəniyyət Mərkəzinin “Vaqif” dram truppası idi. Bəri başdan bildirim ki, tədbirdə hazırda respublikada tətbiq olunan karantin rejiminin bütün tələbləri gözlənilirdi.
Nizami rolu Şağlaser kənd Sənətkarlıq Klubunun mədəni təşkilatçısı Əli Əkbərovun, Afaq rolu Kənarmeşə kənd Sənətkarlıq Evinin müdiri Ofelya Əliyevanın, Qvami rolu Şıxəkəran kənd Folklor Evinin metodisti Mənsur Hacıyevin, Xədicə rolu Elnarə Abdullayevanın, qasid rolu 2-ci Qarabağ müharibəsinin qəhrəmanı, Balıqçılar qəsəbə Yaradıcılıq Evinin metodisti Nurlan Şiriyevin ifasında çox maraqlı və yaddaqalan alındı. Ürgə kənd Yaradıcılıq Evinin bədii rəhbəri, müğənni Elgün Əlizadə və Mədəniyyət Mərkəzinin “Ay Lolo” rəqs qrupu kompozisiya daxilində maraqlı nömrələr təqdim etdilər. Həm də Tuğra Şirinovanın və Zəfər Rəhimovun tərəfindən ifa olunan Nizami Gəncəvinin sözlərinə yazılmış Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” romansları könül oxşadı.
Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov də tədbirdə çıxış etdi. O, tamaşaçı zövqünü qazanan ədəbi-bədii kompozisiyana yüksək qiymət verdi və Mədəniyyət Mərkəzinə, eləcə həvəskar aktyor truppasına gələcək fəaliyyətində uğurlar arzuladı.
Tədbir çərçivəsində Mədəniyyət Mərkəzinin foyesində Lənkəran Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə yaradılmış Nizami Gəncəvinin kitab sərgisinə həvəslə baxıldı.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü