Beynəlxalq Telekommunikasiya İttifaqının yaydığı hesabata görə, Azərbaycan kibertəhlükəsizlik sahəsində dünya ölkələri arasında mövqeyi son iki ildə 15 pillə yaxşılaşaraq 40-cı, MDB regionunda isə bir pillə yüksələrək 3-cü yerdə qərarlaşıb.
Hesabata görə, Azərbaycan mümkün 100 baldan 89,31 bal toplayıb ki, bu da 5 kateqoriya üzrə hesablanıb. Belə ki, rəsmi Bakı leqal ölçmələr üzrə 20, texniki ölçmələr üzrə 19,19, təşkilatçılıq üzrə ölçmələrdə 13,14, potensialın inkişaf etdirilməsi üzrə 16,99 və kooperativ ölçmələr üzrə isə 20 bal toplayıb.
MDB ölkələri arasında yalnız Rusiya Federasiyası və Qazaxıstan ölkəmizdən irəlidədir. Siyahıda digər yerləri isə Özbəkistan, Belarus, Ermənistan, Qırğızıstan, Tacikistan və Türkmənistan tutur. Hesabatda o da qeyd edilir ki, müraciət olunmasına baxmayaraq, Ermənistan, Tacikistan və Türkmənistan məlumatların təqdim edilməsi ilə bağlı suallara heç bir cavab verməyiblər.
Ümumilikdə, Azərbaycanın bu sahədə mövqeyini xeyli yaxşılaşdırması ölkədə kibertəhlükəsizliklə bağlı fəaliyyət göstərən qurumların səmərəli fəaliyyəti ilə bağlıdır.
Maraqlıdır, bəs ekspertlər bu uğuru nə ilə əlaqələndirirlər?
“Bununla bağlı Cinayət Məcəlləsində bir neçə maddə öz əksini tapıb”
Məsələyə münasibət bildirən hüquqşünas Şəmsəddin Əliyevin fikrincə, hüquq-mühafizə orqanlarının prinsipiallığı sayəsində Azərbaycan kibertəhlükəsizliyə görə öncül mövqedə qərarlaşıb: “Azərbaycan Cinayət Məcəlləsində kibercinayətkarlıqla bağlı məqamlar öz əksini tapıb. Bura kompyuter sisteminə qanunsuz daxilolma və digər məsələlər daxildir. Bununla bağlı Cinayət Məcəlləsində bir neçə maddə öz əksini tapıb. Müasir dövr elektronika əsri olduğuna görə kompyuter məlumatlarının saxtalaşdırılması, oğurlanması halları tez-tez baş verir. Müxtəlif elektron vasitələrlə insanların şəxsi məlumatlarını oğurlayırlar. Ona görə də get-gedə kibercinayətkarlıq əsrin bəlasına çevrilir. Kibercinayətlərin digər cinayətlərdən fərqi odur ki, onların açılması böyük vaxt tələb edir. Bəzən bu cinayətlərin subyektlərini aşkar etməkdə çətinliklər yaranır. Çünki bu subyektlər müxtəlif ölkələrdən elektron vasitələrə müdaxilə edirlər. Bunları aşkarlamaq, önləyici tədbirlər görmək elə də asan deyil. Ancaq son illər hüquq-mühafizə orqanları bu sahədə ciddi nailiyyətlər əldə ediblər. Xüsusən də Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti bu istiqamətdə böyük işlər görürlər. Deməyim odur ki, hüquq-mühafizə orqanlarının prinsipiallığı sayəsində ölkədə kibertəhlükəsizlik xeyli möhkəmlənib”.
Hüquqşünas onu da qeyd etdi ki, kibercinayətkarlıqla mübarizədə müvafiq qurumlar yaxından əməkdaşlıq edirlər.
Vidadi ORDAHALLI