Yay fəslində avtomobil bazarında canlanma müşahidə olunur. Əksər insan istirahətə şəxsi avtomobillə getməyi sevir. Bu səbəbdən də avtomobilə tələb artıb. Ancaq avtomobillərin satış qiymətinin ötən aylarla müqayisədə artması alıcıları məyus edir.
Avtomobil satışı ilə məşğul olanlar bildirirlər ki, hazırda maşın satan çox, alan isə, demək olar ki, yoxdur. Paytaxtın maşın bazarında bu gün satışa xeyli avtomobil çıxarılsa da, alıcılıq olduqca aşağı olub.
“Ai-95” markalı benzinin qiymətinin qalxması bu benzinlə işləyən avtomobillərin qiymətinə təsir etməyib. Belə avtomobilləri satanlar deyirlər ki, bu maşınlara tələbat da, qiymət də əvvəlki kimidir. Satıcılar onu da əlavə edirlər ki, qiymət artımı daha çox Rusiya istehsalı olan avtomobillərdə yaşanır.
Ekspertər hesab edirlər ki, Rusiya istehsalı olan minik vasitələrinə tələb artdığı üçün, bu maşınların qiymətində də artım müşahidə olunur.
“...daha kiçiktutumlu maşınlara keçidin baş verməsi ilə nəticələnə bilər”
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirdi ki, avtomobil bazarında qiymətlərin artması müşahidə olunur: “Hazırda ölkəyə gətirilməsinə icazə verilən avtomobillərin keyfiyyət göstəricilərinin yüksəlməsi qiymətlərin artımı, eyni zamanda, daha kiçiktutumlu maşınlara keçidin baş verməsi ilə nəticələnə bilər. Məlumdur ki, qiymət artımı baş verəcəyi təqdirdə insanlar daha ucuz avtomobillərə yönələcəklər. Lakin sözügedən proseslər gələcəkdə də baş verə bilər. Hazırda isə hər hansı qiymət artımından söhbət getmir. Ancaq onu da qeyd etmək lazımdır ki, son zamanlar maşın qiymətlərində 10-15 faiz həcmində artım qeydə alınır. Xüsusilə də gömrük tariflərinin yüksək olması və pandemiya səbəbindən daşınmaların çətinləşməsi ikinci əl avtomobillərə olan tələbatın yüksəlməsinə səbəb olub. Nəticədə sözügedən minik vasitələrinin qiymətlərindəki artım müştərilərin durumunu bir qədər də çətinləşdirib. Bir çox ekspert isə qiymət artımının gələcəkdə də davam edəcəyi qənaətindədir. Rusiya bazarındakı yüksəliş təkcə sözügedən ölkənin istehsalı olan minik vasitələrinin yox, eyni zamanda, bütün avtomobillərin qiymət artımını qaçılmaz edəcək”.
Günel CƏLİLOVA