Bakının Xətai rayonunda başlanan tikinti böyük narazılığa səbəb olub. Gəncə prospekti 103 ünvanında yaşayış binalarının həyətində yeni bina tikintisinə başlanıb. Bu, həmin ünvanda yerləşən 9 mərtəbəli binanın sakinlərinin etirazına səbəb olub. Vətəndaşlar uşaqların oynadığı ərazidə tikinti aparılmasının dayandırılmasını istəyirlər.
Sakinlər bildirirlər ki, çoxmərtəbəli binanın tikintisi həmin əraziyə maşınların daxil olmasına mane olur.
Onlar binanın tikintisinin dayandırılması ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət ediblər.
Xətai Rayon İcra Hakimiyyəti: “Sözügedən tikinti qanunidir”
Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirdi ki, 2018-ci ildən tikintiyə icazə verən qurum Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsidir: “Bu, Xətai Rayon İcra Hakimiyyətinin səlahiyyətində olan məsələ deyil. Məndə olan məlumata görə, sözügedən tikinti qanunidir”.
Mayis Əliyev: “Bina tikilərkən hər cür fövqəladə vəziyyət nəzərə alınmalıdır”
Sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, bu gün bir sıra ərazilərdə çoxmərtəbəli binaların tikintisi prosesi hələ də davam edir: “Baxmayaraq, bu proses illərdir gedir və nəticəsi xoşagələn deyil. Ötən ay çoxmərtəbəli binaların birində yanğın hadisəsi baş verdi. Yanğın zamanı yanğınsöndürən maşınlar əraziyə daxil olmaqda çətinlik çəkdilər. Bunun səbəbi isə binaların bir-birinə yaxın tikilməsidir. Aidiyyəti qurumlar bu məsələyə xüsusi həssaslıqla yanaşmalıdırlar. Bina tikilərkən hər cür fövqəladə vəziyyət nəzərə alınmalıdır”.
Günel CƏLİLOVA