Məlumdur ki, pandemiya səbəbindən Operativ Qərargahın qərarına əsasən, bulvar və parklarda uşaq əyləncə mərkəzləri, attraksionlar işləmir.
Karantin qaydalarının tələbinə əsasən, attraksionlar hazırkı dönəmdə uşaqlar üçün sağlamlıq baxımından təhlükəlidir. Artıq bir ildən çoxdur ki, mexaniki attraksionların fəaliyyəti işlək deyil. Ancaq Nərimanov rayonu ərazisində yerləşən məşhur parkda vəziyyət fərqlidir. Belə ki, bu parkda azyaşlılar üçün nəzərdə tutulan attraksionlar fəaliyyət göstərir. Balacalar rahat şəkildə həmin attraksionlardan istifadə edə bilirlər. Onu da qeyd edək ki, həmin parkda olan attraksionların qiyməti pandemiyadan öncə ilə müqayisədə artıb.
Azyaşlıların sürdüyü maşınlara belə burada rast gəlmək mümkündür. Müəyyən məbləğ qarşılığında uşaqlar 2-3 dəqiqəlik həmin maşınları sürə bilərlər.
Azyaşlılar üçün nəzərdə tutulan yelləncəklərin 3 dəqiqəsi 1 manatdır. Mexaniki attraksionlar işləməsə də, azyaşlılar üçün olan oyuncaqlardan istifadə mümkündür. Valideynlər işlək olan attraksionların qiymətinin baha olmasından narazılıq edirlər.
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Kamran Məmmədli qeyd etdi ki, parklarda xidmət göstərən attraksionlar özəl şirkətlərə məxsusdur. Bunun hökumət tərəfindən təyin olunan standart qiyməti yoxdur: “Attraksionlardan istifadə edən vətəndaşlar xidmət qarşılığında qəbz alırlar. Qəbz əsasında da, heç şübhəsiz ki, gəlirin müəyyən miqdarı vergiyə ödənilir. Qiymət narazılığı ilə bağlı bildirim ki, xidmətlər özəl sektora aid olduğu üçün dövlət standart təyin etmir: “Bu gün parklarda quraşdırılan bəzi attraksionlarda qəbz verilmədən xidmət göstərilir. Belə olduğu halda, yəqin ki, Vergilər Xidməti sözügedən şəxsləri nəzarətsiz qoyub”.
Günel CƏLİLOVA