Məlum olduğu kimi, ötən ayın sonunda İmişli bazarında yanğın baş verdi. Yanğın zamanı obyektlərə müəyyən məbləğdə ziyan dəyib. Sahibkarlar yanğın zamanı onlara dəyən ziyanın qarşılanmasını tələb edirlər. Hətta sahibkarlar bir neçə gün əvvəl onlara dəyən ziyanın qarşılanması tələbi ilə rayon icra hakimiyyətinin qarşısında etiraz da etmişdilər.
Sahibkarlar bildirirlər ki, obyektlərin yanmasında əsas səbəb burada elektrik xətlərində yaranan qısa qapanmadır: “Ticarət mərkəzində mütəmadi olaraq gün ərzində bir neçə dəfə elektrik enerjisi kəsilirdi. Hadisənin baş verdiyi gün elektrik enerjisinin olmayacağı deyildi. Hadisə günü saat 6-7 radələrində isə sahibkarlar obyektlərini bağlayıb getdikdən sonra elektrik enerjisinin verilməsi təmin edilib. Bu da dərhal alovlanma və yanğının baş verməsinə səbəb olub”.
Sahibkarlar onu da qeyd edirlər ki, hadisə zamanı təqribən 200 nəfərə yaxın sahibkarın obyekti yanıb və heç bir məhsul bazardan çıxarıla bilməyib. Sahibkarların 20 min manatdan 250 min manata qədər əmlaklarına ziyan dəyib.
Sahibkarların məlum məsələ ilə bağlı iddiaları əsaslıdırsa, onlara kompensasiya ödənilə bilərmi?
“Yanğın səbəbinin qısa qapanma olduğu ortaya çıxarsa və “Azərişıq”ın günahı olduğu sübut edilərsə, bu məsələyə yenidən baxıla bilər”
Sığorta üzrə ekspert İlkin İbrahimov bildirdi ki, sığorta kompensasiyasının ödənilməsi üçün daşınmaz əmlakın icbari sığortası olmalı idi. Burada isə hər hansı bir sığorta yoxdur: “İcra hakimiyyəti də sahibkarlara bu cavabı verəcək ki, sığorta etdirməli idilər. İcra hakimiyyətləri ilə vətəndaşlar arasında belə məsələlər həmişə olub. Məlum məsələ ilə bağlı araşdırma aparılır. Araşdırma zamanı yanğın səbəbinin qısa qapanma olduğu ortaya çıxarsa və “Azərişıq”ın günahı sübut edilərsə, bu məsələyə yenidən baxıla bilər. Çünki hadisə hər hansı bir tərəfin günahı ucbatından baş verirsə, zərəri həmin tərəf ödəməlidir”.
Ekspert onu da vurğuladı ki, sığortanın olmamasına görə birbaşa bazar rəhbərliyi məsuliyyət daşıyır. Çünki onlar öz əmlaklarını vaxtında sığorta etdirməli idilər ki, belə hallarda kompensasiya verilsin.
Günel CƏLİLOVA