Daşlı adada vulkan püskürməsinin davamlılığı 8 dəqiqə olub, alov 20-25 saniyə müşahidə edilib. Trend-in məlumatına görə, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında deyib.
Onun sözlərinə görə, vulkan axşam saat 21:51-də püskürüb: "Vulkanın dərinliyi 1,48 km, gücü 2,17 ml olub. Seysmik stansiyalarla palçıq vulkanının partlayışı, ayrılan qazın miqdarı və s. parametrlər qeydə alınıb. Adanın özü bu palçıq vulkanının püskürməsindən əmələ gəlib. Axırıncı dəfə 1945-ci ildə burada vulkan püskürüb".
Q.Yetirmişli deyib ki, Xəzərdə palçıq vulkanları çoxdur. 2000-ci ildə Xəzərdəki zəlzələdən sonra Nardaranın şimal-şərq istiqamətində də püskürmə baş vermişdi. Püskürmə nəticəsində süni ada əmələ gəlmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət Şöbəsinin müdiri Rasim Səttarzadə bildirib ki, Xəzərdə 200-dək sualtı palcıq vulkanı var. Onlardan təxminən 120-si Xəzərin Azərbaycan sektoruna aiddir.