Son zamanlar Bakıətrafı kəndlərə təcili yardımın gec getməsi barədə şikayətlər yayılır. Şikayətlərdə qeyd olunur ki, xəstənin vəziyyəti anidən pisləşərsə, təcili yardımın gəlməsi zaman aparır. Bu isə xəstənin sağlamlığının daha da ağırlaşmasına təsir edir.
Onu da nəzərə almaq lazımdır ki, koronavirus infeksiyası hələ tam bitməyib. Virusa yoluxma halı hələ də qeydə alınır. Həmçinin, havaların isti keçdiyi bu günlərdə insanların bir qismi sərinləmək üçün çimərliklərə üz tutur. Hər gün bir neçə şəxsin dənizdə batması haqqında da məlumatlar yayılır. Bu səbəbdən də təcili yardım briqadasının vaxtında çağırışa getməməsi böyük faciənin baş verməsinə səbəb ola bilər.
Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Bakıətrafı kəndlərə təcili yardım maşınlarının gec gəlməsi ilə bağlı məsələyə aydınlıq gətirdi.
“...vəziyyəti daha ağır olan çağırışlara briqada göndəririk”
Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva bildirdi ki, yay mövsümi başlayanda əhalinin çoxu istirahət zonalarına, o cümlədən, Bakı kəndlərinə köçür: “İlin başqa vaxtlarında normal olsa da, yay aylarında həmin zonalarda əhalinin çox olması səbəbindən təcili yardım briqadalarında gecikmələr yaranır: “Bəzən müraciətlər zamanı yüngül çağırışlar gözləmə mövqeyində durur, vəziyyəti daha ağır olan çağırışlara briqada göndəririk. Briqada azad olduqca digər çağırışlara da yönləndiririk. Bundan başqa, hər gün minlərlə insan çimərliyə gedir. Bütün bu səbəblər üzündən briqadaların işində gecikmələr yaranır”.
Günel CƏLİLOVA