Bir neçə il öncə “London taksiləri” paytaxtın taksi bazarına daxil oldu. Ancaq qeyd etdiyimiz taksilər taksi bazarında özünü doğrulda bilmədi.
Məlumatlara görə, Bakıya gətirilən yüzlərlə “London taksisi” istifadəyə yararsız halda qarajlarda toplanıb. Bu avtomobillər qarajın ərazisinə yerləşməyib, yağışın, günün altında yollara səpələnib. Hətta bəzi taksilərin təkəri boşalıb, mühərriksiz və bir neçə hissəsi çıxarılmış halda qarajda çürüməkdədir.
Məsələ ilə bağlı açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Taksi Xidməti” MMC-nin baş direktoru Fuad Əliyev bildirib ki, pandemiya ilə əlaqədar taksi xidmətinə tələbatın azalması səbəbindən bu avtomobillər qarajlarda qalıb.
“Həmin taksilər xarab olmaqdansa...”
Məsələ ilə əlaqədar ekspert Natiq Cəfərlinin fikrini öyrəndik: “London taksiləri”nə ehtiyac vardısa, dövlət yaxşı şərtlərlə tender elan edərdi və şəhərin gözəlliyini təmin etmək, qonaqlara yaxşı xidmət göstərmək üçün vergidən, yaxud da gömrükdən bir neçə illik azad olunmaq şərtilə onlara imkan yaradılardı. Nəzərə almaq lazımdır ki, taksi xidməti ölkədə nadir sahələrdən biridir ki, ciddi rəqabətli mühit var və özəl şirkətlərin, fərdi sahibkarlığın bu bazarda daha geniş təmsil olunması həm qiyməti ucuzlaşdırdı, həm də xidmətin keyfiyyətini artırdı. Bu bir daha sübut edir ki, rəqabətli mühit nə qədər vacib amildir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, 2014-cü ilə nisbətən Azərbaycanda hər şeyin qiyməti qalxdığı halda, taksi xidmətinin qiyməti sabit qalıb: “Təbii ki, bu da rəqabətli mühitə borcludur. Dövlət indi atdığı addımdan dərs çıxarmalıdır. Həmin şirkətlərin birinə ölkədə fəaliyyət göstərən və mobil uyğulamalar üzərindən sifarişlər alan şirkətlərə müraciət edə bilər ki, həmin maşınları onlar simvolik bir qiymətə icarəyə götürsünlər. Həmin taksilər xarab olmaqdansa, onlar götürüb işlədə bilərlər və bu, əlavə iş yerlərinin yaradılması deməkdir. Həmin maşınlar özəl şirkətlərə verilməlidir. Bunun başqa çıxış yolu yoxdur”.
Günel CƏLİLOVA