Məlumdur ki, son günlər “Ali təhsil haqqında” qanun layihəsi müzakirə olunur. Qanun layihəsinə bəzi əlavə və dəyişikliklər təklif edilir.
Təklif edilən dəyişikliklərdən biri də bəzi ixtisaslarda təhsil müddətinin azaldılmasıdır. Qeyd olunur ki, elə ixtisaslar var ki, dörd-beş il təhsil almasına ehtiyac yoxdur. İki-üç ilə bakalavr pilləsi ilə tələbə lazımi bilik və nəzəriyyəni əldə edə bilir. Bu səbəbdən də təhsil müddətinin dörd il olması lüzumsuz hesab edilir.
Məlumdur ki, əyani təhsil üzrə bakalavr təhsil müddəti dörd ildir. Ekspertlər də bildirirlər ki, nəzəri və təcrübə biliklər tətbiq olunan ixtisaslarda təhsil müddətinin 4 il aparılmasına ehtiyac yoxdur.
“Mühəndislik, turizm ixtisasları üçün 4 il bakalavr təhsili almağa ehtiyac yoxdur, bu ixtisaslara iki-üç ilə yiyələnmək olar”
Məsələ ilə bağlı fikir bildirən təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, mühəndislik, turizm ixtisasları üçün 4 il bakalavr təhsili almağa ehtiyac yoxdur: “Bu ixtisaslara iki-üç ilə yiyələnmək olar. Magistratura pilləsinin isə bir il olması yetərlidir. Ali təhsil müəssisələrinin idarə edilməsi, maliyyə şəffaflığı, mobilliyi kimi məsələlər hələ də həll olunmamış qalır. “Ali təhsil haqqında” qanun layihəsində bakalavr pilləsinin müddəti, universitetlərə qəbul prosesində hazırlıq qruplarının təşkili, distant təhsilin təşkili qaydaları, qiymətləndirmə kimi məsələləri həll etməliyik. Ehtiyac olmayan ixtisaslar üzrə dərslər aparılmamalıdır. Tədris zəruri ixtisaslar üzrə keçirilərsə, təhsil müddəti azalacaq, təhsil haqqı aşağı düşəcək. Elə bir qanun qəbul edilməlidir ki, onun ali təhsilin keyfiyyətinin artırılmasında ciddi rolu olsun”.
Günel CƏLİLOVA