R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirlər rayonun hərtərəfli inkişafına xidmət etdiyi üçün maraqlı və yaddaqalan olur. Muzeyin yeni qonaqları rayondakı Böyük Xocavar kənd tam orta məktəbinin 4-cü sinif şagirdləri idi. Onlarla burada "Bölgənin sənətkarlıq nümunələri və zəngin məişət ənənələrinin təbliği" mövzusunda yay ekskursiyası təşkil olunmuşdu.
Muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva məktəblilərə bölgənin ənənəvi sənətkarlıq sahələri olan həsirçilik, zənbilçilik, dulusçuluq və sandıqçılığın inkişaf tarixi barədə qorunan eksponatlar əsasında ətraflı məlumat verdi. Bununla yanaşı, o, sənətkarlıq sahələrinə aid nümunələrin hazırlanma texnikası, xammal kimi istifadə olunan bitki növləri, eləcə də müvafiq sənət sahələrində istifadə olunan alətlərdən geniş söhbət açdı.
Maraqlı görüşə görə məktəblilər muzeydən xoş təəssüratla ayrıldılar, növbəti belə ekskursiyaların təşkilini arzuladılar.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü