Vətən müharibəsində əzəli yurd yerimiz Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olan Tural Ağababa oğlu Hümmətovun xatirəsini doğma eli olan Lənkəran rayonunda əziz tutur, onunla həmişə, hər yerdə qürur duyurlar. Turalın döyüş meydanında göstərdiyi rəşadət ölümündən sonra dövlət tərəfindən “Vətən uğrunda”, “Xocalının azad olmasına görə” medalları ilə qiymətləndirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Lənkəran Regional Mədəniyyət İdarəsinin əməkdaşları şəhidin uyuduğu torpağı ziyarət edərək, xatirəsinə ehtiram əlaməti olaraq məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.
Ziyarət zamanı mədəniyyət işçiləri həm də Vətənin qalib şəhid oğlu Turalın ailəsi ilə həmsöhbət olub, onun şərəfli döyüş yolundan, Vətənə, torpağa həqiqi sevgisindən danışıblar.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən söz açan Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov həmin qələbədə payı olan Tural kimi qəhrəman oğullarla bu gün hər birimizin fəxr etdiyini dönə-dönə vurğulayıb.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü