Rusiyada işləmək üçün yollanan miqrantlar artıq “Loyallıq haqqında razılaşma” imzalamalıdırlar. Ancaq bu halda onların Rusiyaya buraxılması mümkün olacaq. Sənəd müəllifləri hesab edirlər ki, miqrantlar yazılı razılıq imzalamalıdırlar. Razılıq sənədinə əsasən, miqrantlar Rusiyaya ziyan vurmayacaqlar. “Loyallıq haqqında razılaşma” sənədinə əsasən, miqrantlar həm də ölkədən deport ediləcəkləri təqdirdə Rusiya tərəfinin ödədiyi bütün xərcləri qarşılamalıdırlar.
DİN-in yaydığı məlumatda qeyd olunur ki, Rusiyaya vizasız gedən digər ölkələrin vətəndaşları - əmək miqrantları dövlət daktiloskopik qeydiyyatından keçməlidirlər.
Nəzərə almaq lazımdır ki, azərbaycanlıların ən çox üz tutduğu ölkələrdən biri də Rusiyadır. Rusiyada yeni layihə qəbul olunduğu halda həmvətənlərimiz üçün hansı məhdudiyyətlər yarana bilər?
“Rusiyada pandemiya səbəbindən miqrantların sayı kəskin azalıb və bu da ölkənin əmək bazarında müəyyən problemlərə yol açır”
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, yeni qanun layihəsinin bu formada qəbul olunması inandırıcı görünmür: “Bəzi Avropa ölkələrindəki miqrasiya qanunvericiliyində loyallıq anlayışı bu və ya digər formada var. Rusiyada bu layihə qəbul olunarsa, bilməliyik ki, loyallıq deyəndə nə nəzərdə tutulur. Hansı qaydalara, davranış tərzlərinə, mental düşüncələrə, dəyərlər sisteminə loyallıqdan söhbət gedir. Məsələn, zərər vurmamaq dedikdə bir şəxs həmin ölkənin qanunlarına uyğun davranmalıdır. Hər hansı formada qanunun çərçivələrini aşmış olursa, məsuliyyət tədbirləri mexanizmi işə salınır. Bu şəxs ya inzibati, ya da cinayət məsuliyyətinə cəlb olunur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Rusiyada pandemiya səbəbindən miqrantların sayı kəskin azalıb və bu da ölkənin əmək bazarında müəyyən problemlərə yol açır: “Moskvada miqrantların təmsil olunduqları bir çox sahə var və Rusiyanın millətçi dairələri düşünürdülər ki, miqrantların sayını azaltmaqla həmin yerləri yerli vətəndaşlarla doldurmaq olar. Ancaq bu baş vermədi, hətta Moskva merinin çıxışı oldu ki, Rusiya ərazisində əmək miqrantlarının geniş şəkildə əmək fəaliyyətinin təşkil və təşviq olunması üçün müəyyən güzəştlər tətbiq olunmalıdır. Rusiya hökuməti maraqlıdır ki, əməkçi miqrantlar müəyyən peşə sahibləri, ixtisasa malik şəxslər olsunlar və ölkə iqtisadiyyatı maksimum dividend götürsün”.
Günel CƏLİLOVA