İyulun 1-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində toy və nişan mərasimlərinin keçirilməsinə icazə verilib. Artıq şadlıq evləri və restoranlarda el şənliklərinin keçirilməsi ilə bağlı qaydalar da müəyyənləşib. Yaranan əsas suallardan biri isə pandemiya şəraitində "palatka" toylarının necə keçirilməsi ilə bağlıdır.
Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev mətbuata açıqlamasında bildirib ki, pandemiya şəraitində "palatka" toylarının keçirilməsi tövsiyə edilmir. O bildirib ki, 50 nəfərə qədər tibbi maskadan istifadə etməklə ev şəraitində toy, nişan mərasiminin təşkili və keçirilməsi ilə bağlı hansısa məhdudiyyət yoxdur: "Lakin vətəndaşlar bilsinlər ki, yumşaldılmalardan sui-istifadə edilməməlidir. 50 nəfərə qədər olan tədbirlərdə maskadan istifadə və sıxlıq normasının gözlənilməsi hər bir şəxsin özündən asılıdır”.
“Palatka” toylarının keçirilməsinə icazə verilməsi ölkə ictimaiyyəti tərəfindən xoş qarşılanır. Məlumdur ki, elə ailələr var ki, onların şadlıq evlərində toy, şənlik etməyə imkanı yetmir. Bu səbəbdən də həmin ailələrə dəstək olmaq üçün “palatka” toylarının keçirilməsi təqdir olunur. “Palatka” toylarının keçirilməsi üçün mütləq həmin məclisdə iştirak edənlərin sayı 50 nəfərdən artıq olmamalıdır. Maraqlıdır, buna necə nəzarət olunacaq?
“Mağar toyunda 50 nəfərdən artıq şəxs iştirak etməməli, təhlükəsizlik və gigiyena qaydalarına əməl olunmalıdır”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, açıq səmada mağar toylarının keçirilməsi daha düzgündür: “Mağar toylarında ən azı təbii havalandırma var. Məlumdur ki, açıq havada keçmişdə də toylar olub. Heç əvvəllər çadır da yox idi. Sadəcə, açıq səma altında şənliklər, toylar keçirilib. Toylar yalnız iki nəslin birləşməsi və insanların, o cümlədən də gənclərin ailə qurması demək deyil. Toylar həm də ictimai, mədəni, dövlət və cəmiyyət əhəmiyyətli bir hadisədir.
“Palatka” toylarına icazə verilməsi müsbət addımdır. Mağar toyunda 50 nəfərdən artıq şəxs iştirak etməməlidir. Bununla yanaşı, təhlükəsizlik və gigiyena qaydalarına əməl olunmalıdır. Bu işə nəzarət rayon icra hakimiyyətlərinin üzərinə düşür”.
Günel CƏLİLOVA