Xətai rayonunun Əhmədli qəsəbəsi, Gəncə prospekti 105 ünvanında yerləşən kooperativ binanın avtodayanacağının qanunsuz olaraq söküntüsü burada yaşayan insanların etirazına səbəb olub.
Bina sakinlərinin yaydığı məlumatda qeyd olunur ki, naməlum şirkət kooperativ binanın avtodayanacağının özlərinə məxsus olduğunu əsas gətirərək oranın söküntüsünə başlayıb. Şirkət tərəfindən əraziyə çoxlu sayda texnika cəlb edilsə də, sakinlər avtodayanacağın sökülməsinə icazə verməyiblər.
Sakinlər iddia edirlər ki, şirkət saxta sənədlərlə ərazini zəbt edib və şirkətin kimə məxsus olması da bəlli deyil: “Bina sakinləri dayanacağın xəbərsiz sökülməsinin qarşısı almaq üçün maşınlarını orada saxlayıb, ictimai nəqliyyatdan istifadə edərək işə gedib-gəlirlər. Bu günlərdə şirkət əraziyə evakuator cəlb edərək dayanacaqdakı maşınları başqa əraziyə köçürməyə başlayıb. Baş vermis hadisə ilə bağlı aidiyyəti qurumlara müraciət etsək də, bizə hər hansı bir cavab verilməyib”.
“Sultan-Y” MMC: “Ərazidə bina inşa etmək üçün bütün rəsmi icazələr var”
Məsələ ilə bağlı “Sultan-Y” MMC-dən bildirdilər ki, sözügedən ərazidə bina inşa etmək üçün bütün rəsmi icazələri var. Həmin ərazidə 2 ədəd 16 mərtəbəli, 2 bloklu binanın inşası üçün layihələri də mövcuddur.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi: “Həmin ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi üçün icazə verilib”
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirildi ki, həmin ərazidə çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi üçün MTK-ya Bakı Şəhər İcra Hakimiyyəti başçısının 14.06.2017-ci il tarixli, 267 nömrəli sərəncamı ilə icazə verilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən də həmin ünvanda yaşayış binasının tikintisinə qeyd edilən sərəncamlar və aidiyyəti dövlət qurumlarının rəyləri əsasında icazə var.
Günel CƏLİLOVA