Məlum olduğu kimi, 2019-cu ilin fevral ayında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zəlzələ baş verdi. Zəlzələ zamanı qeyd etdiyimiz rayonlarda fəsadlar qeydə alındı. Prezident İlham Əliyev zəlzələnin törətdiyi fəsadların qısa müddətdə aradan qaldırılması üçün həmin vaxt Ağsu rayonunda olub və yaranmış problemin həll olunması üçün sərəncam imzalayıb. Həmin hadisənin üstündən iki il keçib. Ancaq Ağsu rayonunda hələ də zəlzələnin fəsadları tam şəkildə həll olunmayıb. Hələ də evləri qəzalı vəziyyətdə olan vətəndaşlar var.
Evi qəzalı vəziyyətdə olan Ağsunun Daşdəmirbəyli kəndində yaşayan Hüseynovlar ailəsi vaxtilə kərpicdən tikilən, yaşı 100-ü ötmüş və dörd bir tərəfi dağılmış evi dirəklər vasitəsilə xilas etməyə çalışır. Evə baxış keçirən aidiyyəti qurumlar evin təmirə ehtiyac olduğu qənaətinə gəlib və akt tərtib ediblər. Ailə isə bu qərarla razılaşmır. Ailə zəlzələnin yaratdığı fəsadların aradan qaldırılmasını istəyir.
Ağsu Rayon İcra Hakimiyyəti: “Problemdən xəbərdarıq”
Məsələ ilə bağlı Ağsu Rayon İcra Hakimiyyətindən bildirildi ki, problemdən xəbərdardırlar: “Ailəyə tövsiyə olunub ki, zərərçəkənlər aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyinə müraciət etsinlər. İmtina edilibsə, səbəblər göstərilərək təkrar müraciət edilməlidir”.
Mayis Əliyev: “Ağsuda zəlzələ zamanı evləri tam bərpa olunmayan vətəndaşlara yardım edilməlidir”
Sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, zəlzələdən əziyyət çəkmiş ərazilərin bərpası ilə bağlı Prezident İlham Əliyevin xüsusi göstərişi var. Həmin göstərişə əsasən, zəlzələ zamanı dağılmış yerlər, mənzillər yenidən təmir olunmalıdır. Bu işdə də əsas məsuliyyət icra hakimiyyətlərinin üzərinə düşür: “Ancaq təəssüf ki, bəzi qurumlar hələ də köhnə vərdişlərindən əl çəkmirlər. Ağsuda zəlzələ zamanı evləri tam bərpa olunmayan vətəndaşlara yardım edilməlidir. Onlara dəstək olunmalıdır”.
Günel CƏLİLOVA