Son illər dünyada yaranmış bir sıra çətinliklərə baxmayaraq, şəxsən ölkə başçısının diqqət və qayğısı sayəsində respublikamızda insanlara rahat gün-güzəran gətirən sosial məsələlər ardıcıl olaraq həyata keçirilir.
İkinci Qarabağ müharibəsində qazanılan zəfərimizdən sonra bu işlər daha geniş miqyas alıb. Onu da deyim ki, ölkəmizdə bankomatların təşkili də insan amilindən irəli gəlir. Lakin yerli rəhbərlərin dövlət siyasətinə etinasızlığı üzündən bankomatdan istifadə Lerik rayonunun əksər kəndlərində problem yaradıb. Problemdən daha çox əziyyət çəkənlər isə yaşlı adamlardır.
Bir misal. Daster Lerikin ucqar, həm də iri yaşayış məntəqəsidir. Burada pensiyaçılar üstünlük təşkil edir. Onlardan biri Ağadadaş Babayevdir. O deyir:- Biz öz dövlətimizdən çox razıyıq. Gileyimiz rayonda vəzifə tutan, xalqın halına qalmayan, yalnız özlərini düşünən, fəaliyyətsiz yerli rəhbərlərdəndir. Mən dövlətdən pensiya alıram. Bankomat yarandığı gündən aylarla pensiyamın üzünə həsrət qalıram. Doğrudur, bizdən 16 kilometr aralı kənddə aparat quraşdırılıb. Onun xidmətini hamı bəyənir. Mən isə ora düşə bilmirəm. Bunun birinci səbəbi rayonda ictimai nəqliyyatın yoxluğudur. Nəzarətsiz fəaliyyət göstərən ara sürücülər elə bir qiymət deyirlər ki, adamın onu verməyə gücü çatmır. Üç il olar Pirandan Hamarat kəndinə rahat asfalt yol çəkilib. Həmin yol düz kəndimizin içindən keçir. Amma camaat bu rahatlıqdan istifadə edə bilmir. 30 ildir həmin marşrutda işləyən avtobusumuz yoxa çıxıb. Əgər marşrut xəttimiz bərpa olunsa, 28 kənd onun xidmətindən istifadə edər. Bu, həm dövlətin, həm insanların xeyrinə olar. Biz yaşlı adamlar da düşüb, pulları bankomatdan çıxarmaqla bərabər, özümüzə ərzaq ala bilərik. Hələlik rayonda haqq səsimizi eşitmirlər. Amma öz dövlət rəhbərimizə ürəkdə inanırıq ki, yaxınlarda Lerikdə də ictimai nəqliyyat olacaq.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü