“Bakının 12 rayonunda kanalizasiya şəbəkəsi 50 faizdir”. Bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qəmbərov “Ekspert saatı”nda deyib.
O bildirib ki, digər 50 faizdə nəzərdə tutulan infrastruktur yaradılmadığına görə paytaxt ekoloji problemlərin məngənəsindədir: “Bu gün Böyük Şor, Zığ gölü, Bülbülə gölü, Binəqədi gölü, Lökbatanda Üçgölün, ümumilikdə, 9 gölün reabilitasiyası və tezliklə bərpası nəzərdə tutulub. Düşünürəm ki, kanalizasiya şəbəkəsi olmayan ərazilərdə yaşayış massivlərinin salınmasında məhdudiyyət olmalıdır. Tələb qoyulmalıdır ki, yaşayış massivi tikilirsə, orada infrastruktur yaradılsın”.
Qeyd edildiyi kimi, paytaxtın 50 faizində kanalizasiya şəbəkəsi yoxdur. Bu problem uzun illərdir müzakirə olunur. Ancaq hələ də həlli istiqamətində hər hansı bir iş görülmür.
Məlumdur ki, paytaxtda kanalizasiya şəbəkəsinin yetərli səviyyədə olmaması şəhərin yüklənməsinə səbəb olub.
“...kanalizasiya sistemi olmayan ərazilərə verilən suyun bir çıxacaq yeri də olmalıdır axı”
Sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, Bakıda kanalizasiya sistemləri elə qurulub ki, yağış suyunu birdən-birə apara bilmir: “İki cür kanalizasiya sistemi var. Məişət kanalizasiya sistemi, bir də yağış ötürən kanalizasiya sistemi. Hər bir yolun kənarında yağış suyunu ötürmək üçün yerlər olmalıdır. Həmin yerdən su ümumi kanalizasiya sisteminə qoşulur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, yeni ərazilərə su çəkilir, bu çox yaxşıdır: “Amma kanalizasiya sistemi olmayan ərazilərə verilən suyun bir çıxacaq yeri də olmalıdır axı. Hamıya elə gəlir ki, torpaq suyu birdəfəlik udur. Belə deyil axı. Torpağa axıdılan sular hardansa qayıdıb üzə çıxmalıdır. Bakının bir sıra rayonlarında çökək ərazilər var ki, digər yerlərin suları da ora axır. Sabunçu, Suraxanı və sair. Təbii maililik nəticəsində quyulara axıdılan sular bu ərazilərdə toplanır, bir qədər yağış yağan kimi üzə çıxır. Yaxud da torpağın alt qatlarını aşındırır, üst hissədə ağırlıq artan kimi sürüşmə baş verir”.
Günel CƏLİLOVA