Azərbaycanda əhali tərəfindən daha çox istifadə edilən duru yağların qiymətində son bir ildə yüksək artım müşahidə edilir. Qida məhsulu kimi istehlak edilən əsas yağlar günəbaxan, qarğıdalı və zeytun yağlarıdır.
Açıqlanan rəsmi məlumatlarda qeyd olunur ki, 2020-ci ilin iyunundan 2021-ci ilin iyununa kimi günəbaxan və qarğıdalı yağlarının qiymətində təxminən 1 manat, zeytun yağlarının qiymətində 30 qəpik artım var.
Qeyd edək ki, günəbaxan yağının litrinin qiyməti bir il əvvəl orta hesabla 2,9 manat idi. Hazırkı qiymətlər 4 manatdır. Qarğıdalı yağı bir il əvvəl orta hesabla 4,31 manata satıldığı halda, indi 5,31 manata təklif edilir.
Zeytun yağı ötən il iyunun 1-də orta hesabla 12,9 manata satılırdı. Hazırkı qiymət isə 13,2 manatdır.
Müqayisə göstərir ki, daha böyük artım günəbaxan və qarğıdalı yağlarının qiymətində qeydə alınıb. Bu məhsulların bahalaşmasının əsas səbəbi dünyada eyni növ məhsulların bahalaşmasıdır.
Ekspertər bildirirlər ki, Azərbaycan həm birbaşa satış üçün, həm də təkrar istehsal məqsədilə istifadə etdiyi məhsulun böyük hissəsini idxal etdiyindən, qlobal əmtəə qiymətlərindəki dəyişiklik ölkəmizdəki pərakəndə qiymətlərə də təsir göstərib.
“...logistika xərclərinin artması da burada rol oynayır”
İqtisadçı-ekspert Kamran Məmmədli bildirdi ki, Azərbaycan özünün bitki yağına olan tələbatını 100 faiz idxal hesabına qarşılayır: "Ölkəmiz həm hazır məhsul idxal edir, həmçinin də xammal alır. Azərbaycan bu gün hazır bitki yağı ixrac etsə də, bu çox az həcmdədir. Biz 100 faiz bu məsələdə idxaldan asılıyıq. Bu halda da xaricdə xammalın qiymət artımı Azərbaycanda duru yağların qiymətinə avtomatik təsir edir. Bu gün duru yağların qiymətində baş verən artım təkcə xarici ölkələrdə xammalın bahalaşmasından asılı deyil. Logistika xərclərinin artması da burada rol oynayır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Rusiyada günəbaxan yağının ixracına gömrük rüsumu tətbiq edildi. Rusiyada günəbaxan yağına gömrük rüsumunun tətbiqi Azərbaycanda qiymətə təsir edir.
Günel CƏLİLOVA