Mətbuatda yayılmış məlumata görə, evi yanan Qarabağ döyüşçüsünün ailəsi çadırda yaşayır. Qeyd edilir ki, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev evi yanan Qarabağ döyüşçüsünə kömək etmir.
Aprel və İkinci Qarabağ müharibəsində iştirak edən Fərhadzadə Firdovsi Firudin oğlu bildirib: “Keçən ayın 14-ü bizim Babı kəndində olan evimiz yandı. 90 kvadratmetrlik evimiz tamamilə yandı. Mən Füzuli Rayon İcra Hakimiyyətinə müraciət etdim. Başçı yalnız dam örtüyü verməklə kifayətləndi. Başqa heç bir yardım edilmədi. Mən özüm də xəstəxanada olduğuma görə yanmış evimi təmir etdirə bilmirəm. Üç azyaşlı övlad sahibiyəm. Kiçiyinin bir yaşı, böyük uşağımın 4 yaşı var. Anam və üç azyaşlı övladım hazırda çadırda yaşayır. Mən özüm Füzuli, Xocavənd döyüşlərinin iştirakçısıyam. Qüsursuz xidmətimə görə medalla təltif olunmuşam. Aidiyyəti qurumlardan kömək gözləyirəm”.
“...hər bir vətəndaş evini yanğın və digər fövqəladə hadisələrdən sığorta etdirməlidir”
Qarabağ döyüşlərində iştirak etmiş Firdovsinin məlum məsələ barədə səsləndirdiyi iddia ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra Hakimiyyətindən “Bakı-Xəbər”ə bildirildi ki, vətəndaşın evinin yanması doğrudur: “Rayon İcra Hakimiyyəti tərəfindən daxili imkanlar hesabına həmin vətəndaşa müvafiq köməklik göstərilib. Eyni zamanda, evinin dam örtüyünün dəyişdiriləcəyi də bildirilib. Ailə İcra Hakimiyyəti tərəfindən nəzarətdədir. Həmçinin, digər təşkilatlar, kənd sakinləri də ailəyə kömək ediblər. Ancaq qeyd etmək lazımdır ki, həmin evin tam təmir edilməsi RİH-in imkanları xaricindədir. Hər bir vətəndaş evini yanğın və digər fövqəladə hadisələrdən sığorta etdirməlidir. Zamanında sığorta olunsaydı, dəymiş ziyana görə sığorta ala bilərdi”.
Günel CƏLİLOVA