Məlumdur ki, 15 aydan sonra, nəhayət, toylara rəsmi icazə verildi. İyulun 1-dən bir sıra qaydalara riayət etməklə kütləvi şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir.
Toy, nişan və ad günlərinin keçirilməsinə icazənin verilməsi şadlıq evləri və restoran işlədənlərin üzünü güldürüb. Belə ki, şadlıq evləri ilyarımın əvəzini çıxmaq üçün qiymətləri iki dəfə deyil, üç dəfə qaldırıblar.
“Mona Liza”: “İndi qiymət 80 manatdan başlayır”
“Mona Liza”dan bildirdilər ki, qiymətlərdə bir qədər artım mövcuddur: “İyul və avqust ayında həm həftəiçi, həm də həftəsonu boş yer mövcuddur. Qiymət isə 80 manatdan başlayır. Əvvəl 10 manat aşağı idi, say az olduğuna görə qiymət də qalxdı. Çünki əvvəllər 400-500 nəfər qonaq olurdu. İndi isə say azdır, 150 nəfərlə bunu edə bilmirik”.
“Gilavar”: “Qiymət artımı mövcuddur”
“Gilavar”da da qiymət artımı mövcuddur: “Boş yerlər var. Qiymət isə 50 manatdan başlayır. Əgər müştəri istəyərsə, daha bahalı qiymətə menyu sifariş edə bilər”.
“Badi Səba”: “Qərar açıqlanan gün toy məclisi üçün 40 nəfərdən çox müraciət olub”
“Badi Səba”a qərardan sonra müraciət edənlərin sayı çoxdur. Şadlıq evinin nümayəndəsi bildirdi ki, tək qərar açıqlanan gün toy məclisi üçün 40 nəfərdən çox müraciət olub: “Əvvəldən də siyahıya yazılanlar var, onlar da gözləyirlər. Hansı tez gəlib yeri danışsa, onların da toyu təşkil olunacaq. Həftə sonları demək olar ki, tutulub. Qiymət isə 35 manatdır”.
“Şahənşah”: “Menyunu azalda bilmədiyimiz üçün qiymətlərdə artım baş verəcək”
“Şahənşah”dan bildiridilər ki, 150 nəfərdən artıq qonağın toylarda iştirak edə bilməməsi səbəbindən qiymətlərdə artım olacaq: “Qiymətlərdə endirim olsa, menyudakı yeməklərin sayını azaltmalı olacağıq. Menyunu azalda bilmədiyimiz üçün də qiymətlərdə artım baş verəcək. Qərardan öncə toy etmək istəyənlərdən müraciətlər daxil olurdu. Hətta bir ildən çoxdur gözləyən cütlüklər var. Köhnə sifarişlərin toyları olmadan digər müraciətləri qəbul etmirik. İşçilərimizin hər biri vaksinasiya prosesindən keçib”.
Günel CƏLİLOVA