Son günlər sosial şəbəkələrdə Biləsuvar rayonundan olan şəhid ailəsi Süleyman Mahmudova rayonun Məşğulluq İdarəsi tərəfindən verilmiş qoyunların 3 gün ərzində xəstələnməsi barədə məlumat yayılıb. Bildirilir ki, qısa müddət ərzində şəhid ailəsinə verilən heyvanlardan biri tələf olub, qalanlarının isə vəziyyəti yaxşı deyil.
Bu hadisə sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. Qeyd edilir ki, şəhid ailəsinə hörmətlə yanaşmaq, ona yardım etmək əvəzinə, xəstə heyvan vermək düzgün deyil.
“...bəzi sosial şəbəkələrdə yayılan iddia həqiqəti əks etdirmir”
Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyindən bildirildi ki, Biləsuvar rayon sakini Süleyman Mahmudova Dövlət Məşğulluq Agentliyi tərəfindən xəstə heyvanlar verilməsi ilə bağlı bəzi sosial şəbəkələrdə yayılan iddia həqiqəti əks etdirmir: “Belə ki, vətəndaş bir müddət əvvəl öz istəyi əsasında özünüməşğulluq proqramına cəlb edilib və postmüharibə tədbirləri çərçivəsində növbədənkənar şəkildə 20 qoyun, 1 qoç və 400 kq yemlə təmin olunub. Aktivlər təqdim olunan zaman heyvanların sağlamlığına dair rəsmi baytarlıq rəyi ilə təhvil-təslim aktı tərtib edilib, vətəndaşla məşğulluq mərkəzi arasında müqavilə imzalanıb. Vətəndaşa heyvanlar təqdim edilən zaman tam sağlam və təsərrüfat artımına yararlı olub. Üstəlik, S.Mahmudov ona təqdim edilən heyvanları şəxsən özü seçib və razılığını bildirib.
Onu da qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən S.Mahmudovun həyat yoldaşı Dürdanə Əliyevanın da məşğulluğu təmin edilib. Belə ki, Dilarə Əliyeva 2020-ci ildə haqqı ödənilən ictimai işlərə cəlb edilib və hazırda çalışır”.
Günel CƏLİLOVA