Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Qızılqum” sanatoriyasında qalan vətəndaşlar narazıdırlar. Vətəndaşlar bildirirlər ki, orada yaşayan məcburi köçkün ailələrinin əksəriyyəti Ramana qəsəbəsinə köçürülsə də, 12 ailə yeni məkana yerləşdirilməyib.
Məcburi köçkünlərin “Qızılqum” sanatoriyasından köçürülməsinə səbəb həmin binanın qəzalı vəziyyətdə olmasıdır.
“...Ramana qəsəbəsinə məcburi köçkün ailələrinin əksəriyyətinin köçürülməsi başa çatıb”
Qeyd olunan ünvanda yaşayan 12 məcburi köçkünün nə səbəbdən köçürülməməsi ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirildi ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Qızılqum” sanatoriyasından Ramana qəsəbəsinə məcburi köçkün ailələrinin əksəriyyətinin köçürülməsi başa çatıb: “Hazırda qeyd olunan sanatoriyada birotaqlı mənzilə köçürüləcək ailələr qalıb. Həmin 12 ailə yaxın günlərdə yeni mənzillə təmin ediləcək. Məlumat üçün bildirək ki, Dövlət Komitəsinin mənzil fondunda boş yaşayış sahələri yoxdur, eyni zamanda, məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilmir. Onlar üçün mənzillər bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək.
Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı, ilk növbədə, ən ağır vəziyyətdə yaşayanlar yeni yaşayış sahələri ilə təmin olunacaqlar”.
Günel CƏLİLOVA