Məlum olduğu kimi, bir neçə gün əvvəl əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Kredit Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərman imzalayıb.
Təhsil Tələbə Kredit Fondunun yaradılmasında məqsəd gənclərin təhsilə əlçatanlığının təmin olunmasına xidmət etməkdir. Fond sosial baxımdan həssas ailələrin övladlarının təhsilinə dəstək olacaq. Güzəştli şərtlərlə təhsil kreditlərinin verilməsi onların ali təhsil alaraq savadlı insan kimi yetişməsinə, gələcəkdə özünün və ailəsinin maddi durumunun yaxşılaşdırılmasına imkan yaradacaq.
Qeyd etdiyimiz kimi, Fondun yaradılması övladları ali təhsil alan aztəminatlı ailələrin sevincinə səbəb olub. Ancaq onları təhsil haqqının qalxma ehtimalı narahat edir. Ehtimal olunur ki, adıçəkilən Fond yaradıldıqdan sonra universitetlər təhsil haqqını qaldıracaqlar.
“Tələbə 1000 manatlıq təhsil haqqını ödəyə bilmirsə, universitet bu məbləği 3 min manat edəcək və tələbə daha da yüklənəcək”
Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirdi ki, fərman ölkə vətəndaşlarının təhsilə əlçatanlığının təmin edilməsi istiqamətində atılmış vacib addımdır: “Biz hər il müşahidə edirik ki, yüzlərlə tələbə məhz təhsil haqqını verə bilmədiyi üçün universitetdən ya özü imtina edir, ya da uzaqlaşdırılır. Amma təhsil kreditinin verilməsi ilə bu problem aradan qalxacaq”.
Ekspertin sözlərinə görə, universitetlər təhsil haqqının artırılmasında maraqlı olacaqlar: “Məlumdur ki, ayrılmış kredit tələbənin özünə verilməyəcək, birbaşa universitetə köçürüləcək. Bu isə universitetlərin təhsil haqqını artırmasına, dövlətdən daha çox pul almağa maraq göstərməsinə səbəb olacaq. Arada əziyyət çəkən yenə tələbələr olacaq. Bəllidir, hazırda ali təhsil müəssisələrində təhsil haqqı 900 manatdan başlayır, 7 min manatadək artır, orta ixtisas təhsili müəssisələrində isə 500-1200 manat həddindədir. Təhsil müəssisələri artıma gedə bilərlər. Tələbə 1000 manatlıq təhsil haqqını ödəyə bilmirsə, universitet bu məbləği 3 min manat edəcək və tələbə daha da yüklənəcək”.
Günel CƏLİLOVA