1992-1993-cü illərdə Laçın, Ağdam və Cəbrayıl rayonlarından Bakıya gələrək, 30 ilə yaxın Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən keçmiş "Bakıqazmaş"ın yataqxanasında məskunlaşan məcburi köçkünlər hazırda çıxılmaz vəziyyətdə qalıblar.
İllər öncə öz vəsaitləri hesabına mənzil aldıqları yataqxana binası qəzalı vəziyyətdə olduğu üçün 2019-cu ildə sökülüb. Həmin ərəfədə "Qaçqınkom" bu insanları müvəqqəti olaraq kirayə evlərə yerləşdirib və başqa bir ərazidə evlə təmin edəcəyinə vəd verib. Ancaq hazırda vəziyyət fərqlidir. Belə ki, son 2 aydır komitə tərəfindən məcburi köçkünlərə aylıq kirayə pulu ödənilmir. Bununla yanaşı, məcburi köçkünlərin mənzil problem də həll olunmur. Məcburi köçkünlər bildirirlər ki, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsində yerləşən keçmiş "Bakıqazmaş"ın yataqxanasında məskunlaşdılar. Şəxsi vəsaitləri hesabına mənzil aldıqları bu bina qəzalı vəziyyətdə olduğu üçün 2019-cu ildə sökülməsinə qərar verildi. Həmin müddətdən kirayədə yaşamaq məcburiyyətində qalan bu insanlara "Qaçqınkom" 1 il 6 ay ərzində ayda 300 manat kirayə pulu ödəyib. Ancaq son 2 aydır məcburi köçkünlərə bu vəsait ödənilmir.
“Onlar üçün mənzillər bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək”
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev bildirdi ki, vətəndaşlara bundan sonra kirayə pulu ödənilməyəcək. Çünki komitədə hazırda bu vəsait yoxdur. O ki, qaldı məcburi köçkünlərin evlə təmin olunması məsələsinə, komitə tərəfindən onlara müxtəlif ərazilərdə evlər təklif olunub və bu təkliflər hələ də qüvvədədir: “Ailələr sözügedən ünvanlara köçmək istəyirlərsə, komitənin Xəzər rayonunda yerləşən nümayəndəliyinə yaxınlaşa bilərlər. Artıq Bakı, eləcə də digər şəhər və rayonlarda məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilmir. Onlar üçün mənzillər bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək”.
Günel CƏLİLOVA