Prezident İlham Əliyev Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb.
Fərmanə əsasən, Fond təhsil tələbə kreditlərinin verilməsini təşkil edən qeyri-kommersiya hüquqi şəxsdir. Təhsil tələbə kreditinin məbləğinin yuxarı həddi hər tədris ili üçün təsdiq edilən tələbə qəbulundə nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmamalıdır.
“Yeni qərar nəticəsində artıq hər il təhsil haqqının məbləğinə uyğun olaraq təhsil kreditinin verilməsi nəzərdə tutulur”
Yeni yaradılan Təhsil Tələbə Krediti Fondu haqqında danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, Fondun yaradılması ümumi plan yerləri və eyni zamanda, təhsilə marağın artmasına yol açacaq: “Yenilik təhsil almaq istəyən gənclərin sayının artmasına səbəb olacaq. Bu qərar ödənişli əsaslarla təhsil alan tələbələr üçün olduqca vacib idi. Çünki əhalinin həssas qrupuna daxil olan tələbələrin əksəriyyəti təhsil haqqını ödəyə bilmədiyi üçün bəzən universitetdən kənarda qalırdı. Sırf maddi vəziyyət ucbatından təhsilləri yarımçıq qalırdı. Yeni qərar nəticəsində artıq hər il təhsil haqqının məbləğinə uyğun olaraq təhsil kreditinin verilməsi nəzərdə tutulur. Təhsil kreditinin geri qaytarılması müxtəlif üsullarla baş tutacaq. Bəziləri iş həyatına başlayandan sonra, bəziləri də tələbəlik dövründə aldığı təqaüdlə krediti geri qaytara bilər. Hesab edirəm ki, bu yenilik ödənişli əsaslarla təhsil alan tələbələr üçün uğurlu qərardır. Eyni zamanda, maddi imkansızlıq ucbatından oxuya bilməyən tələbələrin də artıq oxumağa marağı artacaq. Bu qərar olduqca məqsədəuyğundur”.
Günel CƏLİLOVA