MTK-ların özbaşına kommunal haqq qoymasına nə vaxt son veriləcək...

Əkrəm Həsənov: “MTK-nın hər hansı xidmət göstərməyə hüququ yoxdur”

img

Yeni tikililərdən ev alıb xoş günə çıxacağını düşünənlərin bir çoxunun arzusu daşa dəyib. Söhbət ondan gedir ki, mənzil-tikinti kooperativlərinin (MTK) çoxu vətəndaşları xüsusən kommunal ödənişlər məsələsində incidirlər. Bir çox yeni tikilidə vətəndaşlardan istifadə etdikləri elektrik enerjisinin pulunu məhz MTK-ya nağd ödəmək tələb olunur. Maraqlı məqam ondan ibarətdir ki, MTK-ların çoxu kommunal xidmətlərin tariflərini özləri müəyyənləşdirirlər və sakinlərdən də buna əməl etmək tələb olunur.

Qeyd edək ki, bu problemlə bağlı narazılıqlar son vaxtlar artıb. Ancaq onu da bildirmək lazımdır ki, qanunvericiliyə əsasən, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra 6 ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. Dəyişiklik layihəsində bu müddət bir aya endirilir.

  • “Mənzil-tikinti kooperativləri tərəfindən sakinlərdən "kommunal xidmətə" görə haqq tələb edilməsi halları artıb”

İqtisadçı-ekspert Əkrəm Həsənov bildirdi ki, son zamanlar mənzil-tikinti kooperativləri tərəfindən sakinlərdən "kommunal xidmətə" görə haqq tələb edilməsi halları artıb. Prosesə kollektorlar, vəkillər və sair də qoşulub: “MTK binanı sakinlərə təhvil verəndən sonra ləğv edilməli və bütün məsələlər sakinlər tərəfindən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti formasında həll edilməlidir. MTK-nın hər hansı xidmət göstərməyə hüququ yoxdur. MTK ödənişin edilməməsi ilə bağlı sakini məhkəməyə verərsə, öz qanunsuz fəaliyyəti ifşa olunacaq.

Aylıq ödənişlərə gəldikdə isə, mövcud qanunvericiliyə əsasən, dövlət mənzil fondu üzrə yaşayış sahələrinə görə haqqın miqdarı özəl mənzil fondu üzrə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən müəyyən olunur. Yəni MTK sahibləri bina sakinlərinin razılaşmadığı aylıq ödəniş məbləği təyin edə bilməzlər”.

Günel CƏLİLOVA

Son xəbərlər