İkinci Qarabağ savaşında Vətən torpaqlarının azadlığı naminə qanı ilə tarix yazan minlərlə igiddən biri də şəhid əsgər Vüsal Yəhya oğlu Hüseynovdur. Həyatı dərk edən gündən Vətəninə, xalqına bağlı olan Vüsal Lənkəran rayonu, Velədi kəndində böyüyüb boya-başa çatmışdı.
Lənkəran torpağının qəhrəman oğlu 43 gün odun-alovun içində düşmənə qarşı vuruşmaqla onun saysız-hesabsız texnikasını və canlı qüvvəsini məhv etmişdi. Erməni faşistlərdən tam qisasını alandan sonra şəhidlik zirvəsinə ucalıb Vüsal. Vətəni canından, qanında artıq sevən Vüsal ona fəda olmaqla könüllərə köç etdiyi kimi, dövlət tərəfindən də ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Zəngilanın azad olunmasına görə” medallara layiq görülür. Vətən müharibəsinin qalib şəhidi Vüsal Hüseynovun qısa, lakin olduqca şərəfli ömür yolundan hər bir lənkəranlı qürur duyur.
Bu günlərdə onun 19 yaşı tamam oldu. Lənkəran camaatı öz qəhrəman oğlunun doğum gününü fəxrlə qeyd etdi. Söhbət etdiyim adamlar bildirdilər ki, Vüsal elini sevən, mərd, cəsur döyüşçü, layiqli vətəndaş kimi ürəyimizdə yaşayır, hər an ehtiramla xatırlanır. Onun adı bütün lənkəranlılar üçün doğma və əzizdir.
Lənkəran Regional Mədəniyyət İdarəsinin işçiləri anım tədbirində idilər. Onlar şəhid Vüsala ehtiram əlaməti olaraq məzarına baş çəkdilər, üzərinə gül-çiçək dəstələri düzdülər. Daha sonra İdarənin rəisi Şahin Şahbazov şəhidin ailəsi ilə həmsöhbət olub dedi: - Vətən müharibəsinin qalib şəhidi Vüsal cismən aramızda olmasa da, mənən diridir, ürəklərdə yaşamaqla bizdən də ucada durur. Bəli, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi qələbədə payı olan Vüsal kimi qəhrəman oğullarla bu gün hər birimizin fəxr edirik. Şəhidlər ölməz, Vətən bölünməz. Qəhrəman oğlumuz Vüsal Vətənin şərəfini uca tutmaqla ölməzliyə qovuşdu.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü