İyunun 13-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 45 yeni yoluxma faktı qeydə alınıb, 182 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19-dan vəfat qeydə alınmayıb. Məlumat üçün qeyd edək ki, bu günə qədər ölkədə 335 171 nəfər virusa yoluxub. Onlardan 328 580 nəfəri artıq sağalıb. Ümumi yoluxanlardan 4 953 nəfər dünyasını dəyişib. Hazırda 1 638 aktiv koronavirus xəstəsi var.
İlk dəfədir ki, Azərbaycanda COVID-19-dan vəfat qeydə alınmayıb. Bu, pandemiya ilə mübarizənin effektivliyini, vaksinasiya prosesinin yaxşı getməsini özündə ehtiva edir. Qeyd edək ki, əhalinin 10 faizi vaksinasiya olunub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 662 038, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 712 118, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 949 920 təşkil edir. Cəmiyyət bugünkü azalma göstəricisi əsasında qarşısına hədəf qoymalıdır ki, gələcəkdə, xüsusilə də payız mövsümündə yeni dalğa qarşısında daha təhlükəsiz və effektiv mübarizə aparmaq üçün peyvəndlənmənin 60 faizinə nail olunsun.
Maraqlıdır, bəs ekspertlər koronavirusdan ölüm hallarının qeydə alınmamasını, yoluxanların sayının minimuma enməsini nə ilə əlaqələndirirlər?
“Vaxtında sərt karantin tədbirləri görüldü, məhdudlaşdırma işləri aparıldı”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirli bunu bir sıra amillərlə əlaqələndirdi: “Məsələ ondadır ki, pandemiya dövründə bir sıra sistemli tədbirlər görüldü. Vaxtında sərt karantin tədbirləri görüldü, məhdudlaşdırma işləri aparıldı. Təbliğat işi hərtərəfli gücləndirildi. Ölkəyə giriş-çıxış dayandırıldı. Maska və digər vasitələrin istehsalı təşkil edildi. Vaksinlərin ölkəyə gətirilməsi ilə bağlı müqavilələr imzalandı və əhalinin vaksinasiyasına start verildi. Bütün bu kompleks tədbirlərin nəticəsidir ki, pandemiyadan ölənlərin sayı 0-a enib. Hesab edirəm ki, bu böyük uğurdur. Bu onu göstərir ki, pandemiya ilə mübarizədə hökumətin səyləri öz müsbət bəhrəsini verir. Vaxtında düzgün və effektiv tədbirlər yoluxmaların kəskin azalmasına, ölüm hallarının olduqca minimuma düşməsinə gətirib çıxardı. Ən nəhayət, ölkədə hazırda COVID-19-dan vəfat qeydə alınmayıb”.
Ekspert onu da qeyd etdi ki, müsbət tendensiyanın davam edəcəyi gözlənir.
Vidadi ORDAHALLI