Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin reyestrini yaratmaq və aparmaq sahəsində səlahiyyətli orqan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi olacaq. Bununla əlaqədar Prezident İlham Əliyevin imzaladığı fərmanla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nizamnaməsinə müvafiq dəyişiklik edilib.
Maraqlıdır, skleroz və şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər üçün yaradılacaq reyestr bu sahədə yaşanan problemləri necə həll edəcək?
“Diabet xəstəliyinə tutulmuş şəxslərə keyfiyyətli dərmanlar lazımdır, ancaq o dərmanların satış qiyməti isə bahadır”
Məsələ ilə bağlı fikir bildirən həkim-ekspert Rasif Bağırov qəzetimizə açıqlamasında qeyd etdi ki, skleroz və şəkərli diabet xəstəliyinə tutulmuş şəxslər üçün reyestrin yaradılması müsbət haldır: “Dağınıq skleroz şəkərli diabet qədər geniş yayılmasa da, az rast gəlinən xəstəlikdir. Məlumdur ki, dağınıq sklerozun müalicəsi hazırda yoxdur. Bu xəstəliyin müalicəsi olmadığı üçün onunla bağlı yalnız yüngülləşdirmə tədbirləri görülür. Şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin sayı çoxdur. Bu xəstəlikdən əziyyət çəkənlər üçün lazım olan dərmanların qiyməti olduqca bahadır. Diabet xəstəliyinə tutulmuş şəxslərə keyfiyyətli dərmanlar lazımdır. Ancaq o dərmanların satış qiyməti isə bahadır. Bu xəstəlikdən əziyyət çəkənlərə göstəriləcək tək qayğı dərman preparatlarının satış qiymətinin hər kəsə əlçatan olmasıdır.
Diabet xəstələri üçün istifadə olunan “lantus” preparatı gün ərzində bir dəfə xəstələrə iynə şəklində vurulur. Bu dərmanın keyfiyyət göstəricisi yüksəkdir. Ancaq bu dərmanın satış qiyməti apteklərdə 25 manatdır. Hər gün vurulan dərmanın satış qiymətinin 25 manat olması orta səviyyəli ailə üçün bahadır. Onu da qeyd edim ki, İranda həmin dərmanın satış qiyməti isə 4-5 manat arasında dəyişir.
Düzdür, diabet xəstələrinə poliklinikalar tərəfindən dərman verilir. Ancaq xəstə istənilən vaxt poliklinikadan dərman ala bilmir. Yaxşı olar ki, yeni yaradılan reyestr bu sahədə yaşanan problemləri nəzərə alıb, xəstələrin dərdinə dava olsun”.
Həmsöhbətimiz təklif edir ki, yeni yaradılan reyestr ən çox qayğıya ehtiyacı olan onkoloji xəstələrə köməklik göstərsin. Danılmaz faktdır ki, bu gün ölkədə onkoloji xəstəlikdən əziyyət çəkənlərin sayı az deyil. Onlara dövlət tərəfindən hər hansı bir yardım göstərilmir.
Günel CƏLİLOVA