Ölkəmizdə kafe-restoranların fəaliyyətinə birmənalı münasibət yoxdur. Elə yerlər var ki, yaxşı xidmət və dadlı təamlar təqdim etsələr də, yekun hesabda müştərini aldadırlar. Bir çox restoran müştəriyə menyu təqdim etmir. Müşahidələrimiz göstərir ki, bəzi restoranların menyuda göstərdikləri qiymətlə yekun hesab arasında kəskin fərq yaranır. Bir sözlə, tətbiq edilən bütün bu fırıldaq metodlar həm də ölkəmizin turizm potensialına mənfi təsir göstərir.
Son zamanlar isə restoranlar yeni fırıldaq metodundan daha çox istifadə etməyə başlayıblar. Göstərdiyi xidmətlə bağlı heç bir güzəşt təqdim etməyən restoran sonra təqdim etdiyi hesabın üzərinə ümumi məbləğin 10 faizini də əlavə edir. Çox maraqlıdır ki, restoran ucuz alıb baha satdığı və bundan qazanc götürdüyü xidmətdən əlavə də “ofisiant payı” adı ilə müştərinin cibinə girmək istəyir.
Məsələn, bir ofisiant gün ərzində 20 masaya xidmət göstərir, orta hesabla hər masa 50 manatlıq hesab verərsə, bunun da üstünə hesab qəbzində göstərilən 10 faiz “servis haqqı” gələrsə, bu, günə bir restoran xidmətçisinin 5 manatdan 100 manatadək qazanması deməkdir.
Samir Dübəndi: “Restoran biznesində xidmət servisi normal bir təcrübədir ki, bundan çoxsaylı ölkə istifadə edir”
Otellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi bildirdi ki, restoran biznesində xidmət servisi normal bir təcrübədir ki, bundan çoxsaylı ölkə istifadə edir: “Xidmət haqqının hesaba daxil olması yemək və içkidən sonra müəyyən faizlə hesablanır. Adətən, bu, bizim ölkədə 5-10 faizarası dəyişir. Amerikada bu, bir qədər çoxdur. Avropada bizdəki kimidir. Hər halda, bu təcrübə var. Amma sizin təqdim etdiyiniz şikayətə görə müştəridən xidmət haqqının şifahi istənilməsi heç də düzgün deyil. “Çay pulu” adlanan bu xidmət haqqının ödənilməsi müştərinin öz qərarıdır. Özü hesabın 5-10 faizini istədiyi halda çox və ya ondan 3 dəfə artıq restoranda saxlaya bilər. Bu, müştərinin qərarıdır. Ondan əlavə xidmət haqqı olaraq bu formada pul tələb etmək düzgün deyil”.
Mayis Əliyev: “Kafe və restoranlarda müştərinin aldadılması baş verir”
Sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, kafe və restoranlarda müştərinin aldadılması baş verir: “Bəlkə müştəri menyuya baxıb ona uyğun şəkildə sifariş verib ki, hesabı ödəməyə pulu çatsın. Üstünə10 faiz gəlməklə ola bilər ki, müştərinin cibində həmin məbləğ olmasın. Nəticədə biabırçı mənzərə yaranır”.
Günel CƏLİLOVA