“Pfizer” vaksinləri niyə yalnız özəl klinikalarda vurulur...

Məlum olduğu kimi, iyunun 8-dən etibarən Azərbaycanda yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədilə "Pfizer” vaksininin istifadəsinə başlanıb.
Qeyd edək ki, vaksinin istifadəsinə ilk olaraq Bakı Sağlamlıq Mərkəzində və Mərkəzi Klinik Xəstəxananın ambulatoriyasında başlanıb. Daha sonra “Leyla Medical Center”də, “Caspian İnternational Hospital”da və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında vurulacaq.
O da məlumdur ki, Azərbaycanda əhaliyə Çin istehsalı olan “Sinovac” və Rusiyanın “Sputnik V” peyvəndləri vurulub. İyunun 10-na qədər ölkədə 2.624876 min nəfərdən çox şəxs peyvəndlənib. Bu göstərici ilə Azərbaycan MDB ökələri arasında ilk sırada dayanır.
Araşdırmalara görə, “Pfizer-BioNTech” “COVID-19”a qarşı ən etibarlı və təsirli vaksin sayılır. ABŞ, İsrail, Böyük Britaniya kimi ölkələrdə əhalinin peyvəndlənməsində əsasən bu vaksindən istifadə olunub. Ona görə də Azərbaycanda da bu peyvəndə maraq böyükdür.
Qeyd edək ki, 18 yaşından yuxarı olan və əks-göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Bunun üçün https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19” vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.
Qeyd etdiyimiz kimi, ölkədə “Pfizer” vaksininə maraq yüksəkdir. Ancaq adıçəkilən vaksin yuxarıda qeyd etdiyimiz tibb müəssisələrində vurulur. Maraqlıdır, "Pfizer” vaksini niyə dövlət xəstəxanalarında, poliklinikalarda deyil, məhz özəl xəstəxanalarda vurulur?
- “Peyvəndlər ölkəyə dövlət proqramı çərçivəsində gətirildiyinə görə ancaq dövlət tibb müəssisələrinə verilməlidir”
Tibb elmləri doktoru, həkim-ekspert Adil Qeybulla bildirdi ki, vaksinlərin özəl klinikalara verilməsi doğru deyil: “Peyvəndlər ölkəyə dövlət proqramı çərçivəsində gətirildiyinə görə ancaq dövlət tibb müəssisələrinə verilməlidir. Təbii ki, özəl klinikanın öz tələbləri, öz maraqları olacaq. Gərək aidiyyəti qurumlar buna yol verməsinlər. ABŞ, Britaniya və Türkiyə təcrübələrində də peyvəndlər ancaq dövlət tibb müəssisələrində vurulub. Ona görə də vaksinlərin özəl klinikalara verilməsi başadüşülən deyil”.
Günel CƏLİLOVA