Dağ rayonu olan Lerikin əksər kəndlərinə hələ də təbii qaz verilməyib. Məhz bu səbəbdən əhali yanacaqdan ötrü meşələrə üz tutur. Artıq bir neçə gündür rayonun ucqar kəndlərində qışa hazırlıq məqsədilə odun tədarükünə başlanıb. Bu iş kortəbii şəkildə görüldüyü üçün fürsətdən istifadə edən bəziləri meşələrdə amansız qırğınlar törədir. Talan daha çox Bürsülüm, Vov, Nısoədi, Ancəqəv kəndlərinə yaxın meşələrdə aparılır.
Dediyim meşələr, qəribə görünsə də, çoxdandır yaxın kənd adamları tərəfində dədə malı kimi zəbt edilib. Elə meşələrə qənim kəsilən də həmin adamlardır. Sanki onların dalında duranlar da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarıdır. Belə olmasaydı, dediyim ərazilərdə bioloji inkişafdan qalmış, kök üstə qurumuş, yıxılmış ağaclar qalan yerdə cavanları, sağlamları daha artıq haram qazanc xətrinə kəsilərək məhv edilməzdi. Özbaşınalığın nəticəsində bu meşələr acınacaqlı vəziyyətə düşüb. Bir də ən dəhşətlisi odur ki, zəbt olunmuş meşələrdə narkotik tərkibli maddələr yetişdirən də tapılır.
Odun tədarükü adı altında dediyim meşələrdə ağına-bozuna baxmadan qırğın davam edir. Ömrünə son qoyulmuş cavan, sağlam ağacları görəndə göz yaşını saxlamaq olmur. Həmin ağaclar yanacaq odun kimi baha qiymətə Hamarat, Bradi, Daster, Dzdipok kənd camaatına satılır. Halbuki, meşələrdə istənilən qədər yıxılan, çürüməkdə olan ağac var. Bu gedişlə yaxın vaxtlarda tarixi qədim olan meşələrdən əsər-əlamət qalmaz. Unutmayaq ki, təbiətin qisası amansız olur...
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü