Avropa "Vaksin pasportu" Çin və rus vaksinini tanımaqdan imtina etdi... Azərbaycanlılar nə edəcək...

Adil Qeybulla: “Sputnik V” və digər peyvəndlərin ölkəmizə gətirilməsində məsuliyyət müvafiq idarələrimizin üstünə düşür”

img

Məlum olduğu kimi, Avropa Parlamenti "Vaksin pasportu haqqında” Qanunu təsdiqləyib. AP qanununu qəbul edən 27 ölkəyə 1 iyul tarixindən sərbəst səyahət etmək mümkün olacaq.

Belə ki, pasportda Avropa Dərman Agentliyi tərəfindən "BioNTech", "Moderna" və "AstraZeneca" peyvəndləri öz təsdiqini tapıb. Lakin qanun Çinin "Sinovac" və Rusiyanın "Sputnik V" peyvəndini tanımır. Bu qayda bizim ölkə də daxil olmaqla, "Sinovac" və "Sputnik V" tətbiq edən ölkələrin vətəndaşlarına qarşı diskriminasiyadır.

Maraqlıdır, bu peyvəndləri vurduran şəxslərin səyahət imkanı necə təmin olunacaq?

  • “Dərman sahəsi və koronavirus tipli xəstəliklər dünyada siyasi-diplomatik vasitəyə, müharibə vasitəsinə çevrilib”

Professor, tibbi ekspert Adil Qeybulla bildirdi ki, problem xeyli vaxtdır var: “Bu vəziyyət çoxdandır var. İngiltərəyə getmək istəyənlərdən “AstraZeneca”, yaxud “Pfizer” tələb olunur. Çünki hazırda Avropada ən çox bu peyvəndlər istifadə olunur. Onlar Çinin “Sinovac” peyvəndini sifariş verməyiblər. “Sinovac” da, “Sputnik V” də Avropada istifadə olunmur. Bizim peyvəndini istifadə etdiyimiz “Sinovac” və “Sputnik V” Avropa Dərman Agentliyindən təsdiqini almayıb. Ona görə bu belədir. Əlbəttə, bu ölkələrin sərgilədikləri davranış vaksin ayrıseçkiliyidir. Fərqi yoxdur, hamısı vaksindir, hansısa təşkilatdan təsdiq almasalar da, belə qoruyuculuğu təsdiq olunmuş vaksinlərdir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, bu, siyasi qərardır: "Çox təəssüf ki, dərman sahəsi və koronavirus tipli xəstəliklər dünyada siyasi-diplomatik vasitəyə, müharibə vasitəsinə çevrilib. "Sputnik V" və ya digərində problem varsa, ÜST desin ki, bu peyvəndin başqalarından fərqi var. "Sputnik V" və digər peyvəndlərin ölkəmizə gətirilməsində məsuliyyət müvafiq idarələrimizin üstünə düşür”.

Günel CƏLİLOVA

Son xəbərlər