Uşaq bağçalarına qəbul dayandırılıb?

Kamran Əsədov: “İyun ayının 10-dan məktəbəqədər təhsil müəssisələrinə uşaq qəbulu müvəqqəti olaraq dayandırılıb”

img

Mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlara görə, uşaq bağçalarına qəbul dayandırılıb. Müraciət edən valideynlər özləri də deyirlər ki, uşaqları bağçalara götürmürlər, səbəbini soruşduqda isə bağça müdirələri “qəbul dayandırılıb deyirlər. Bu məlumatın əsası varmı? Doğrudanmı uşaq bağçalarına qəbul dayandırılıb? Dayandırılıbsa, səbəb nədir?

Məsələni araşdırmaq üçün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidməti ilə əlaqə saxlamağa çalışdıq. Çox təəssüflər olsun ki, yazı çapa hazırlanana qədər zəngimizə və mesajımıza BŞİH-dən cavab ala bilmədik.

  • ...elektron qəbul sisteminə keçidlə bağlıdır”

Tanınmış təhsil eksperti Kamran Əsədov bizimlə söhbətində bildirdi ki, bağçalara qəbul həqiqətən də dayandırılıb. “İyun ayının 10-dan etibarən şagirdlərin yerdəyişməsi və eyni zamanda, məktəbəqədər təhsil müəssisələrinə uşaq qəbulu müvəqqəti olaraq dayandırılıb. Bunun səbəbi isə elektron qəbul sisteminə keçidlə bağlıdır. Yəni artıq bundan sonra uşaq bağçalarına qəbul elektron portal vasitəsilə ərazi prinsipləri əsasında həyata keçiriləcək”.

K.Əsədovun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qaydada qəbulu bu sahədə şəffaflığın yaranmasına, artmasına səbəb olacaq. Bağça müdirlərinin uşaqları müəyyən şirinliklər müqabilində götürdüklərini deyən K.Əsədovun sözlərinə görə, elektron qəbuldan sonra müdirlər bu kimi qanunsuzluqlara yol verə bilməyəcəklər: “Uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulunun elektron qaydada həyata keçirilməsi keyfiyyətə xidmət edir. Bilirsiniz ki, çox zaman uşaq bağçalarının rəhbərləri valideynlərdən əsassız tələblər edir, kimlərdənsə pul alıb uşaqları pullu şəkildə qəbul edirdilər, onlar öz maraqlarını güdürdülər. Amma indən sonra bu sahədə də elektronlaşdırılma prosesi başlayacaq. Birinci növbədə müəyyən kateqoriyalarda güzəştləri olan həssas qruplara aid ailələrin uşaqları qəbul ediləcəklər. Yəni müharibə veteranlarının, əlillərinin uşaqları qəbul olunacaq, sonra digər ehtiyacı olan kontingent qəbul olunacaq. İyun ayının 10-dan  məktəbəqədər təhsil müəssisələrinə uşaq qəbulu müvəqqəti olaraq dayandırılıb” - deyə K.Əsədov qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər