Vaksin vurdurmağa əlavə pul? – “Caspian İnternational Hospital” və “Leyla Medical Center”də nə baş verir...

img

Bakıda özəl klinikalarda vaksinasiya olunmaq üçün yoxlanışdan keçənlərdən əlavə ödəniş tələb edilir.

“Caspian İnternational Hospital”da vaksin vurdurmaq üçün müraciət edən şəxslərdən həkim yoxlanışı adı ilə 30 manat məbləğində pul alınıb.

Vaksin olunmaq üçün əlavə müayinəyə görə ödəniş “Leyla Medical Center”də tələb olunur.

Vaksin vurdurmaq üçün qeyd edilən özəl klinikada olan vətəndaşların bildirdiyinə görə, dövlətə məxsus tibb müəssisələrində vaksinasiyadan öncə yoxlanış aparılmadığı üçün özəllərdə peyvənd etdirmək istəyirlər. Bu zaman isə yüksək qiymətlərlə qarşılaşırlar.

Dövlət xəstəxanalarında peyvənd olunacaq şəxsin yalnız təzyiqi yoxlanılır. Əlavə heç bir yoxlanış aparılmır. Sadəcə, vətəndaşdan hər hansı xəstəliyinin olub-olmadığı soruşulur. Məlumdur ki, allergiyası olan şəxslərə vaksin qadağan edilsə də, poliklinikalar bu qaydanı nəzərə almır və peyvəndləməyə davam edirlər.

Məlumat üçün bildirək ki, ölkədə vaksinasiya prosesi könüllülük şəklində aparılır və peyvəndin vurulması pulsuzdur. Ancaq, qeyd etdiyimiz kimi, bəzi özəl klinikalarda vaksindən öncə şəxsin müayinəsi üçün əlavə ödəniş tələb olunur.

Məsələ ilə bağlı adıçəkilən klinikalarla əlaqə saxladıq.

  •  “Leyla Medical Center”: “Vaksindən əvvəl yoxlanış üçün 30 manat vəsait tələb olunur”

 “Leyla Medical Center”dən bildirildi ki, vaksindən əvvəl yoxlanış üçün 30 manat vəsait tələb olunur.

  •  “Caspian İnternational Hospital”: “Vaksinin birinci və ikinci dozası vurulmazdan öncə 30 manat ödəniş edilməlidir”

“Caspian İnternational Hospital”dan bildirildi ki, vaksin vurulmazdan öncə əlavə müayinə üçün 30 manat tələb olunur: “Birinci dozanı vurdurmazdan öncə müayinə olunmaq istəyən şəxs 30 manat ödəniş etməlidir. İkinci dozada da əlavə müayinə olunmaq istəyən şəxs eyni məbləğdə ödəniş etməlidir”.

  • TƏBİB: “Vaksindən öncə müayinə olunmaq ödənişsizdir”

Məsələ ilə bağlı TƏBİB-dən bildirildi ki, vaksinlərin paylanılması vaksinasiya strategiyasına uyğun olaraq TƏBİB tərəfindən həyata keçirilmir: “TƏBİB yalnız Abşeron, Sumqayıt və bölgələrdə vaksinasiya həyata keçirir. Vaksindən öncə müayinə olunmaq isə ödənişsizdir”.

Günel CƏLİLOVA

Son xəbərlər